Qoşulmama Hərəkatının prinsipləri ilə Azərbaycanın prioriteləri üst-üstə düşür - ŞƏRH

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda iştirak etdi. Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat verdi. Qeyd edək ki, “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatıldılar.

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb.

Nəticə etibarilə, dünyanın 120 dövləti, yəni, planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyinə öz dəstəyini ifadə edib.Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq. Şübhəsiz, əldə olunan bütün müsbət nəticələrin əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Hansı ki, bu qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı.

Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın quruma üç il müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki,Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.Düşünürəm ki, Zirvə Görüşündən öncə radikal qrupların prosesə mane olmaq üçün atdığı addımlar, törətdikləri hüquqazidd hərəkətlər barədə təkrar fikir söyləməyə ehtiyac yoxdur. Lakin görünən odur ki, radikal müxalifətin xaricdən aldığı sifariş və təlimatlara uyğun formada prosesə mane olmaq cəhdləri iflasa uğradığına və xaricdəki şəbəkənin süni şəkildə ajiotaj yaratmaq səyləri heç bir nəticə vermədiyinə görə indi də onlar nəzarətlərində olan media və sosial şəbəkələr vasitəsilə bu mühüm siyasi tədbirə qarşı kampaniya təşkil etmək yolunu tutublar.

Məqsədlərinə çatmaq üçün hətta tədbirdə iştirak edən dövlət və hökumət başçılarını məsxərəyə qoymaq kimi qeyri-etik, mənəviyyatsız addımlardan belə çəkinmirlər. Bu, radikal müxalifətin beynəlxalq hüquqdan, beynəlxalq münasibətlər sistemindən xəbərsiz, müasir siyasi düşüncədən uzaq, gerizəkalı, bəlkə də ibtidai icma təfəkkürünə malik olmasının əyani göstəricisidir. Müstəqil hüququn subyektlərini onların inkişaf səviyyələri, əraziləri, yaxud resurslarına görə məsxərəyə qoymaq məhz belə ibtidai icma təfəkkürünün nümunəsidir. Bu, ən yaxşı halda dövlətlər arasında hüquq bərabərliyinin qəbul və yaxud dərk edilməməsi, ən pis halda isə irqçi düşüncənin təzahürüdür.

Radikal müxalifətin belə idbar təfəkkürünün fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin nə qədər işıqlı zəkaya, milli və bəşəri dəyərlərə, humanizmə söykənən düşüncə tərzinə malik olduğu bir daha qabarıq və aydın nəzərə çarpır. Məhz bu aydın, işıqlı təfəkkür də Azərbaycanı gələcəyə, böyük qələbələrə doğru aparır.

Könül İbrahimova

YAP Yasamal rayonu AMEA Fiziologiya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə