Növbəti Bürüssel görüşü də Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər ŞƏRH

Beynəlxalq güclər zaman–zaman Qarabağ münaqişəsinin həllini Ermənistanın xeyrinə həll etməyə çalışırdılar. Bu, təkzib edilməsi mümkün olmayan bir faktdır və bunun bədəlini beynəlxalq güclər deyil, son nəticədə Ermənistanın özü ödəməli oldu. Ermənilər anlamaq istəmədilər ki, gec-tez bu münaqişə aktiv fazaya keçəcək və böyük faciə ilə nəticələnəcək. Bu, əlbəttə, ilk növbədə, Ermənistandakı siyasət adamlarını düşündürməli idi ki, yaxın qonşunun torpaqlarını işğal etmək və bu əraziləri mənimsəmək planları yaxşı heç nə vəd etmir. Bütün 30 illik işğal dövründə Ermənistan anlamaq istəmədi ki, onun mühüm vəzifələrindən biri özünün başqalarının əlində olan müstəqilliyini geri alıb, işğalçılıq siyasətindən əl çəkmək və qonşularla dinc yanaşı yaşamaqdır. Ancaq son hadisələr göstərir ki, hətta müharibədə rüsvayçı məğlubiyyətindən sonra belə bu ölkə yenə də müstəqil siyasi qərarlar qəbul etmək imkanlarından çox uzaqdır. Bu da ondan irəli gəlir ki, bu xalqın milli dövlətçilik tarixinin kökü olmadığı və məğlub olduğu üçün sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır. Və bu gün Qarabağa hansısa statusun verilməsi ümumiyyətlə, mümkün deyil. Bunun heç bir siyasi və ya hüquqi əsası yoxdur.

Təsadüfi deyil ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin təşəbbüsü ilə 5 saatdan çox davam edən mayın 22-də Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən bu sayca onların arasındakı üçüncü görüşdə bir çox prinsipial məsələlər üzrə razılığn əldə olunması qeyd olunur. Bu danışıqlar prosesinin əhəmiyyətli məqamlarından birincisi onunla bağlıdır ki, onların gedişatı zamanı və əldə edilmiş razılaşmalar prosesində də heç bir halda “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib. Bu ifadənin işlədilməməsinin isə çox böyük siyasi mənası var. Əgər Ermənistan əvəllər “Dağlıq Qarabağ” ifadəsini işlədir, eyni zamanda onun müstəqilliyindən bəhs edirdisə, indiki halda isə danışıqlarda yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi, hüquqları bu kimi məsələləri dilə gətirir və onlar müzakirə edilir. Azərbaycan dövləti və siyasi rəhbərliyi dəfələrlə vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir və ermənilər də Azərbaycanda yaşayan bütün digər xalqlar kimi eyni hüquqlara malikdilər və malik də olacaqlar. Bu, bizim prinsipial mövqeyimizdir. Həmçinin, danışıqlar prosesində minadan təmizləmə prosesi və itkin düşülmüş şəxslərin taleyi ilə bağlı məsələlər də diqqət mərkəzində saxlanılıb. Cənab Prezident dəfələrlə qeyd edib ki, Ermənistan tərəfi minalarla bağlı bizə xəritələr təqdim edib, amma onların dəqiqlik göstəricisi 25 faizə yaxındır, yəni bu məsələlərə aydınlıq gətirilməlidir. Eyni zamanda, Birinci Qarabağ müharibəsində 4000 yaxın soydaşımızın taleyi ilə bağlı Ermənistan tərəfi Azərbaycana açıqlama vermir.

Ən son məqam isə görüşün yekunu olaraq mətbuata açıqlamaya diqqət yetirmək kifayətdir. Belə ki, danışıqlar masasında Ermənistanın təklif etdiyi gündəlik müzakirə edilib və buna uyğun yekun razılaşma əldə edilib. Bu isə onu deməyə əsas verir ki, Qərb Azərbaycanın mövqeyini daha ədalətli və arqumentli olduğu üçün rəsmi Bakının mövqeyini dəstəkləyir və bu mövqedən çıxış edir. Ermənistanın tərəfinin təklifi dinlənilsə də, onun yekun rəyə elə də ciddi təsiri olmayıb. Ona görə də Qərb İrəvanı təcili sülh sazişinin imzalanmasına sövq edir və bu istiqamətdə aktivlik nümayiş etdirir. Həmçinin, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı olan məsələdə müsbət irəliləyişin əldə edilməsidir. Aprelin 6-da keçirilən görüşdə indiyədək sərhədlərin demarkasiyası ilə bağlı komissiyanın formalaşdırılaraq, iclasının keçirilməsi nəzərdə tutulurdusa, amma bu iclas Ermənistan tərəfinin fəaliyyətsizliyi nəticəsində bu günə kimi reallaşmayıb. 22 may görüşündə kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəlinməsidir. Tərəflər Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Və nəhayət, sülh sazişi üzərində işlərin başlanması məqsədi ilə yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətlərinin görüşünün nəzərdə tutulmasıdır. Və Brüssel formatında görüşlərin keçirilməsi və iyul-avqust aylarında növbəti görüşlərin keçirilməsi razılaşdırılıb. Əgər Ermənistan üzləşdiyi böhranlardan xilas olub, siyasi, sosial-iqtisadi sabit ölkə kimi inkişaf etmək istəyirsə, o zaman yaranmış fürsəti dəyərləndirib, Azərbaycanən şərtlərinə uyğun sülh sazişi imzalamalıdır. Və danışıqlar prosesini uzadıb, vaxt qazanmaq Ermənistana müsbət heç nə vəd etmir. Görüşdə Zəngəzur dəhlizinin reallaşdırılması məsələləri də müzakirə predmeti olub. Bir sözlə, bütün bunlar dünya güclərinin Azərbaycanın yaratdığı reallığı qəbul etdiyini təsdiqləməklə, həm də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...