“Brüssel görüşü bir sıra nəticələrlə yadda qaldı” - AÇIQLAMA

“Avropanın siyasi mərkəzi Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşiyan arasında keçirilmiş görüş bir sıra nəticələrlə yadda qaldı”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən bu görüş sayca üçüncüdür: “Bu formatda keçirilən görüşlər praktiki nəticələrə yönəlir. Son görüş 6 apreldə keçirilmişdi və görüşün nəticələrinin yerinə yetirilməməsinin günahı Ermənistanın üzərindədir. Çünki aprel ayının sonuna qədər sərhədlərlə bağlı delmitasiya komissiyası yaradılmalı və tərəflər arasında təmas olmalı idi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qeydə alındı. Lakin mayın 22-də keçirilmiş görüşdə bir sıra məsələlərlə bağlı əldə olunan razılıqlar yekun bəyanatda yer alır. Önəmli məsələ bundan ibarətdir ki, danışıqlar prosesində "Dağlıq Qarabağ" ifadəsinə rast gəlmirik, əvəzində Qarabağ ifadəsi bəyanatda yer alır. Digər məsələ kommunikasiyaların açılması ilə bağlıdır. Çünki bu məsələdə Ermənistan tərəfindən yubadılır. Eyni zamanda, 22 may bəyanatında qeyd olunan məsələ məhz iqtisadi - nəqliyyat əlaqələrinin bərpası ilə bağlıdır. Bu xüsusda nəqliyyat loqistika əməliyyatlarının strateji əhəmiyyəti də Avropa İttifaqının əsas diqqət mərkəzində olduğunu sübut edir”.

İlyas Hüseynov onu da bildirdi ki, digər məsələlərdən biri də sülh müqaviləsinin imzalanması ilə bağlıdır: “Sülh müqaviləsi və sülh gündəliyi terminləri Avropa İttifaqının strateji xəttinin hissəsi halına gəlmişdir və bu yanaşma Cənubi Qafqazda sülhün və təhlükəsizliyin, sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, tərəflər razılığa gəliblər ki, növbəti görüş iyul, avqust aylarında keçirilsin. Avropa İttifaqı Cənubi Qafqazda sülh quruculuğu prosesi ilə yanaşı, həm də etimad mühitinin yaradılmasının təşəbbüskarıdır. Lakin Ermənistan özünə məxsus şəkildə razılıqlardan boyun qaçırdır və əldə olan razılaşmaları pozur. Buna görə də, Ermənistandan qəti mövqe nümayiş etdirmək tələb olunur, çünki Avropa İttifaqı böyük diplomatik resurslar və zaman sərf etmişdir. Bu danışıqların bir məntiqi nəticəsi olmalıdır. Çünki artıq 3-cü görüş bunu göstərir ki, Avropa İttifaqı öz niyyətində qətidir və dayanıqlı sülhün qorunması istiqamətində addımlar atır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə