İrəvanın çırpıntıları və uğursuz ayaqda qalmaq cəhdləri ANALİTİKA

Bir tərəfdən revanşistlər, digər tərəfdən də yanlış siyasət

Ermənistanda davam edən siyasi qarşıdurmalar və bu fonda inkişaf xətti tutan hadisələrlə yanaşı, digər situasiyalar da diqqətlərdən yayınmır. Ancaq görünən daha bir mənzərə budur ki, əsasən sabiqlərdən ibarət olan revanşist müxalifətin Paşinyan hökumətini devirmək iddiaları öz mövcudluğunu qoruyub-saxlasa da onların yenidən iqtidara yiyələnmək cəhdləri alınmır, yaxud dalana dirənir. Fakt budur ki, revanşistlərə Rusiyadan müəyyən dəstəklər göstərilməsinə baxmayaraq, Paşinyan hakimiyyətini saxlayan Qərb hələlik üstün mövqedə dayanmaqda davam edir və görünən də budur ki, mövcud iqtidar daxili siyasi çəkişmələrdə qətiyyən geriyə çəkilmək məqsədində deyil. Əksinə, Paşinyan iqtidarı həmin vəziyyətdən sui-istifadə etməklə Bakı ilə razılaşdırılmış bir sıra məsələlərin icrasını uzatmağa cəhdlər göstərir və bu cəhdlər açıq-aydın görünməkdədir.

Revanşistlər Nikol Paşinyanın əlinə oynayırlar?

Belə desək, Nikol Paşinyanın devrilməsi üçün küçələrə çıxan revanşistlər digər yandan Nikol Paşinyanın əlinə oynayırlar. Daha dəqiq desək, İrəvan ölkədə baş verən prosesləri bəhanə etməklə ilk əvvəl guya həmin prosesləri həll etməli olduğunu bəyan edir, sonra da Azərbaycanla yerdə qalan məsələləri müzakirə edəcəyini bildirir. Təbii ki, belə bir yanaşma ilə Bakı qətiyyən razı deyil və ikinci Brüssel görüşündə verilən vaxt da baş çatıb. Ermənistan hakimiyyətinin boş-boş vədlər, bəyanatlar səsləndirməsi isə proseslərin yerindən tərpənməsinə qətiyyən imkan vermir.

Biz hələ 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında, eləcə də sonrakı görüşlərdə əldə edilmiş üçtərəfli və s. razılaşmaları xatırlatmırıq və qəbul edilmiş bəndlər, müddəalar yerinə yetirilmədikcə əslində, vəziyyət pərdə arxasında gərginləşir. Belə bir pərdəaxrası vəziyyətin yaranması isə Bakıya deyil, məhz İrəvana öz mənfi təsirlərini göstərəcək. Təbii ki, verdiyi vədlərini yerinə yetirməzsə...

İrəvan indi də ümidini Afinaya və yunan Kiprinə bağlayır

O da məlumdur ki, ikinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğradılmış və həmin məğlubiyyətin acısını çəkən Ermənistan hakimiyyəti başqa tərəfdən xarici havadarlarından pay ummağa, dəstəklər almağa çalışır, xüsusilə, hərbi sahədə. Misal üçün, Ermənistan bu günlərdə Yunanıstan və yunan Kipri ilə hərbi əməkdaşlıq planını imzalayıb. Plana əsasən, həmin əməkdaşlığa müxtəlif təlimlər, təcrübə mübadilələri və s. aiddir. Maraqlıdır, əgər Yunanıstan və ya yunan Kipri hər hansı hərbi təcrübələrə malikdirlərsə, Ermənistan hansı təcrüməyə malik ola bilər? Məğlubiyyət və hərbi meydandan sürətlə qaçmaq təcrübələrinəmi? Erməni ordusu yunan tərəfləri ilə bu təcrübələrinimi mübadilə edəcək?

Ancaq mövzudan yayınmayaraq qeyd edək, yaxud xatırladaq ki, İrəvan daha əvvəllər də əsasən Yunanıstanla hərbi əməkdaşlıqlar edib və eyni zamanda, Afinanın Ankaraya qarşı qəbuledilməz davranışlarını dəstəkləyib...

İrəvanın yenidən hərbi cəhətdən baş qaldırmaq cəhdləri isə yalnız onun öz ziyanına işləyəcək

Biz elə də uzağa getməyərək 2020-ci ilin yayını, daha dəqiq desək, ikinci Qarabağ müharibəsinin başlanmasına az qalmış əvvəlki müddəti xatırlada bilərik. Həmin vaxtlarda Türikiyə ilə Şərqi Aralıq dənizi mövzusunda (problemində) konfrontasiyaya getməyə çalışan, Türkiyənin suları daxilində hərbi manevrlər həyata keçirmək istəyən yunanlara açıq dəstəyi məhz Ermənistan vermişdi. Hətta hərbi dəstək də göstərə biləcəyini bəyan etmişdi. Həmin vaxtlarda erməni tərəfinin burnu necə deyərlər, göylə gedirdi və öz lax ordusunu da regionun ən “güclü ordusu” kimi dünya ictimaiyyətinə sırımağa çalışırdı.

Amma cəmi bir neçə ay sonra, 2020-ci ilin payızında göylə gedən həmin burnu elə əzildi ki, bu gün də, bundan sonrakı illər ərzində də onu bərpa edə bilməyəcək. Bütün bunların fonunda İrəvanın yenidən hərbi cəhətdən baş qaldırmaq cəhdləri isə yalnız onun öz ziyanına işləyəcək. Yeri gəlmişkən, Ermənistanın burnu əzilərkən, Yunanıstan bu ölkəyə açıq dəstəyini ifadə edirdi və əlbəttə ki, Azərbaycan bunu da unutmur və unutmayacaq da!

Ermənistan hələ də öz yerini müəyyən edə bilmirsə, bu faktor onun zərərinə işləyir

Beləliklə, 30 il boyunca Rusiyanın Cənubi Qafqazdakı sınıq-salxaq köşkü rolunu oynayan Ermənistan həm daxili, həm də xarici böhranlardan çıxa bilmir və bu gün nəinki Yunanıstan, heç Rusiyada da məlum səbəblərdən dolayı öz “yardım əlini” uzada bilmir.

Digər tərəfdən, Ermənistan hələ də elə sanır ki, özünün subyektivliyini önə çəkə biləcək, hətta artıracaq. Amma fakt həm də ondan ibarətdir ki, Ermənistan heç də subyekt kimi önə çıxmır, sadəcə öz ağasını, yəni Rusiyanı antitürk triosu ilə əvəzləməyə çalışır – Fransaya, Yunanıstana, yunan Kiprinə...

Amma tarix də başqa tərəfi göstərir. Məsələn, dəfələrlə məlum olub ki, antitürk koalisiyaları zaman-zaman Türkiyə ilə razılaşmağa məcbur olur, nəticədə isə ağır zərbə yenə də ermənilərə dəyir. Və Ermənistan hələ də öz yerini müəyyən edə bilmirsə, bu faktor onun zərərinə işləyir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə