"Ermənilər hələ də təcazükar siyasətlərini davam etdirir" AÇIQLAMA

"Gəncə Azərbaycanın tarixi qədim və böyük şəhərlərindən biridir. Həm Azərbaycan Cumhuriyyətinin paytaxtı olub, həm də Gəncə xanlığının paytaxtı olub". Bunu SİA-ya açıqlamasında Bakı siyasi klubunun rəhbəri, politoloq Nadir Şəfiyev deyib.

Nadir Şəfiyev bildirib ki, Gəncənin minilliklərlə dayanan tarixi var: "Gəncə şəhəri hər bir azərbaycanlının qəlbində məxsusi yerə malikdir. Prezident də bunları vurğulayaraq, Gəncəyə xüsusi diqqət və önəm verir. Gəncədə Cənab Prezident İlham Əliyev bir sıra müəssisələrin açılışında iştirak etdi. Bu isə Gəncə əhalisinin güzəranının yaxşılaşdırılması və gəncəlilərə göstərilən xidmətin keyfiyyətinin artırılmasının nümunəsidir. Ermənilərin 44 günlük müharibə zamanı Gəncə şəhərinə etdiyi vəhşiliklər, buraya atılan ballistik raketlər bundan əlavə 90-cı illərdə də Gəncəyə hücum cəhdləri və s. bütün bunlara baxanda Memorial Kompleksin təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır. Bu gün ermənilər bütün dünyada təbliğatı dayandırmayıblar. Baxmayaraq ki, Azərbaycan onlarla sülh razılaşmasına getməyə hazır olduğunu bəyan edir. Azərbaycan Qarabağın müəyyən qismini nəzarətə götürsə də, digər hissədə ermənilər özlərini narahat hiss etməsinlər deyə və tədricən Azərbaycan cəmiyyətinə inteqrasiya olsun deyə bu ərazilərə öz ordusunu yeritmədi. Azərbaycan bütün bunları iki dövlətdə sülhün yaranması naminə etdi".

Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, erməni lobbisi və diasporası bütün dünyada öz təbliğatını aparır: "Fox tv"də olan təxribatı və məşhur erməni bloggerinin paylaşımlarında da bunu görmək olar. Ermənilər hazırda bütün dünyaya bəyan edirlər ki, Azərbaycan guya öz ərazisi olan Qarabağın dağlıq hissəsini, Şuşanı və Hadrutu işğal edib. Bu cür təxribat xarakterli təbliğatlardan əl çəkməyiblər. Bunu təbii olaraq Azərbaycan hökuməti və diplomatiyası da görür. Azərbaycan prezidentinin məhz belə vaxtda Gəncəyə səfər etməsi və Memorial kompleksinin təməlini qoyması ermənilərə bir ciddi sillədir. Bütün dünya ictimaiyyətinə də bir müraciətdir ki, Azərbaycan heç vaxt müharibə qaydalarını və beynəlxalq hüquqları pozmayıb. Ermənilər terrora əl atıb, dinc əhaliyə zülm ediblər. Bütün bunlara rəğmən ermənilər hələ də təcavüzkar siyasətlərini davam etdirir. Azərbaycan isə mövqeyini ortaya qoyur və bu iddialara cavab verir. Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün haqlı mübarizə aparıb".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə