"Ukrayna-Azərbaycan münasibətlərində bu fakt vacibdir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il müddət ərzində iki ölkə arasında olan münasibətlər siyasi, iqtisadi, ticarət, humanitar və s. kimi müxtəlif istiqamətləri əhatə etməklə yüksələn xətt üzrə inkişaf edir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Şəbnəm Həsənova qeyd edib ki, iki ölkə arasında mövcud olan ümumi ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötür: “Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski beş sənəd və prezidentlərin birgə bəyannaməsini imzaladılar. Müstəqillik əldə olunan vaxtdan Azərbaycan və Ukrayna hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər. Ən son imzalanan Birgə Bəyannamədə də bu məsələnin bir daha öz əksini tapması mühüm əhəmiyyət kəsb edir”.

Politoloq vurğulayıb ki, istər Azərbaycanın müharibədən qalib ayrılması ilə bölgədə gücünün artması, istərsə də beynəlxalq münasibətlər sistemində mövcud olan çoxşaxəli mürəkkəb kombinasiyalar fonunda münasibətlərin dərinləşdirilməsi hər iki ölkənin maraqlarına cavab verir: “Dövlət başçımızın da qeyd etdiyi kimi tərəflər təmasları möhkəmləndirir və gələcək inkişaf perspektivləri nəzərə alınmaqla vacib qərarlar qəbul edilir. Ukrayna-Azərbaycan arasında münasibətlər, onların yüksələn xətlə inkişafı sadəcə, dövlətlərin deyil, həm də xalqların maraq dairəsindədir. Belə ki, Ukrayna və Azərbaycan xalqlarının münasibətləri sıx dostuq əlaqələri üzərində qurulmuşdur. Cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Bakının mərkəzi nöqtələrindən birində Taras Şevçenkonun abidəsinin ucaldılması Ukrayna xalqına olan hörmətin əyani təzahür formasıdır. Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi mövcuddur və şirkət Ukraynada öz fəaliyyəti dairəsini genişləndirmək potensialına malikdir. Bu kimi təşəbbüslərin Ukrayna tərəfindən dəstəklənməsi, enerjinin başqa növləri ilə üzrə əməkdaşlıqda eyni mövqedən çıxış etməyimiz, eyni zamanda ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyətin mövcudluğu, bu istiqamətlərin daha da dərinləşdirilməsi və Zelenskinin Ukraynanın Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrində olmasını bildirməsi kimi məsələlərin zəminində dövlətlərimiz arasında mövcud olan dostluq telləri dayanır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə