Qırğızıstanda “20 Yanvarı unutmadıq” adlı tədbir təşkil edilib

Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Bişkek şəhərindəki Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) “20 Yanvarı unutmadıq” adlı tədbir keçirib.

SIA xəbər verir ki, tədbirdə Qırğızıstanın elm, mədəniyyət və incəsənət xadimləri, kitabxananın oxucuları, diasporumuzun üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 20 Yanvar hadisələrini özündə əks etdirən videofilm göstərilib.

MKS-in direktor müavini Camila İsayeva Qanlı Yanvar hadisələrinin Qarabağın Azərbaycandan qoparılması ilə sıx əlaqəsi olduğu haqqında danışıb.

TDSDF-nin prezidenti Nüsrət Məmmədov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilib, dinc əhali güllələnib. 20 Yanvar xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Bu qanlı qətliamın tərkib hissəsi olaraq əhalinin informasiya təminatını kəsmək məqsədilə yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladılıb. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət idi.

N.Məmmədov deyib: “20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Qanlı 20 Yanvar hadisələrindən 31 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, Silahlı Qüvvələrimizin rəşadəti ilə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib”.

O bildirib ki, vaxtilə şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər, müstəqilliyimiz və suveren hüquqlarımız təmin olundu. İndi ötən dövrlərə baxıb qürur hissi ilə 20 Yanvar şəhidlərini yad edirik.

Sonda mərasim iştirakçılarına fondun sifarişi ilə rus və ingilis dillərində nəşr edilmiş “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” kitabı hədiyyə edilib.

Tədbir iştirakçılarının adından beynəlxalq təşkilatlara Qanlı Yanvar hadisələrini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqda müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə