“Qazaxıstanda baş verən qanlı hadisələr hamı üçün gözlənilməz oldu” AÇIQLAMA

“Yeni ilin ilk günlərində MDB məkanının ən sabit dövləti olan Qazaxıstanda baş verən qanlı hadisələr daxili və xarici təşkilatçılardan başqa hamı üçün gözlənilməz oldu. Qazaxlarda məşhur bir deyim var: “İngilislər vidalaşmadan gedirlər, qazaxlar vidalaşırlar, ancaq getmirlər!”. 2019-cu ildə prezident postundan istefa edən böyük dövlət adamı Nursultan Nazarbayev də, məhz bu cür davrandı. Prezident postundan imtina edib, dövlətin ali vəzifəsini təhvil versə də, əsas siyasi, iqtisadi və təhlükəsizlik rıçaqlarını əlində saxladı. Bir tərəfdən hakim qüvvənin-“Nur Otan” partiyasının və Qazax Xalqları Assambleyasının, digər tərəfdən, konstitusiya şurasının üzvlüyünü və prezidentin də sıravi üzv kimi daxil olduğu Təhlükəsizlik Şurasının rəhbərliyini ömürlük özündə saxladı”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Prezident seçkilərindən sonra bu “ikihakimiyyətlilik” durumu dövlət orqanları və klanlar arasındakı ziddiyyətləri kəskinləşdirdi: “Prezidentliyi dövründə yaranmaqda olan hər cür təhlükəni qabaqcadan görən, onları usta siyasi gedişlərlə aradan qaldırmağı bacaran N.Nazarbayev qorxulu həddə çatan ziddiyyətləri vaxtında qiymətləndirə bilmədi və nəticədə həm onun özü, həm də dövləti üçün ağır fəsadlar törədən hadisələr baş verdi. Mangistaus vilayətində maye qazın bahalaşmasına qarşı yanvarın 2-də başlayan etirazların qarşısını almaq üçün vaxtında zəruri addımlar atılmadı. Nəticədə, sosial tələblərlə başlayan hərəkatın mahiyyəti dəyişdi, zorakı vasitələrlə silahlı dövlət çevrilişi cəhdi başladı və Qazaxıstan müstəqillik tarixinin ən ağır və təhlükəli böhranı ilə üz-üzə qaldı. Başqa bir çıxış yolu görməyən N.Nazarbayev dövlət təhlükəsizlik şurasının rəhbərliyindən uzaqlaşdı, onun yerini tutan prezident Tokayev KTMT-yə müraciət edərək hərbi yardım istədi”.

A.Səmədov onu da bildirdi ki, əsasını rus hərbçilərinin təşkil etdiyi KTMT qüvvələri münaqişə rayonuna yeridildi və hakimiyyətə meydan oxuyan “silahlı terrorçuların”(K.C.Tokayev) “dövlət çevrilişi cəhdi” qəddarlıqla yatırıldı: “Qazaxıstanın rəsmi orqanları əvvəlcə hadisələr zamanı ölənlərin sayının 164 nəfər olduğunu desələr də, sonra bu məlumatdan imtina etdilər. Güman etmək olar ki, bu davranış itkilərin sayının daha böyük rəqəmlərlə ifadə olunması ilə əlaqədardır. Şübhə yoxdur ki, “Qazaxıstan hadisələri” hələ uzun müddət təkcə ölkənin özündə deyil, bütün dünyada diqqətlə araşdırılacaq və nəticələr çıxarılacaq. Ancaq bu gün bir şeyi dəqiq demək mümkündür ki, xarici qüvvələrin keçmiş ittifaq respublikalarında sabitliyi pozmaq, özlərinə sərf edən şəxsləri hakimiyyətə gətirmək cəhdlərinin davam etdiyi şəraitdə arxayınlaşmaq yolverilməzdir. Xalqla iş dayanmamalı, atılan hər addım insanlara izah olunmalı və əhalinin dağıdıcı qüvvələrin təsirinə düşməsinə imkan verilməməlidir. Xarici qüvvələrin silahlı yardımına müraciət etmənin xalq tərəfindən narazılıqla qarşılandığı nəzərə alınmalı və təhlükəsizlik qüvvələri ilə fasiləsiz olaraq iş aparılmalı, onların daha da güclənməsi, bu cür qəsdlərin qarşısını tərəddüd etmədən alması üçün ciddi addımlar atılmalıdır. Azərbaycanda Qazaxıstan hadisələrini törətmək istəyən daxili və xarici qüvvələrin qarşısını almaq üçün məqsədyönlü fəaliyyət təşkil olunmalı və respublikada sabitliyin pozulmasına imkan verilməməlidir. Siyasi partiyaların bu istiqamətdə görəcəyi iş kifayət qədərdir və hər birimiz dövlət maraqlarımızın qorunması üçün əlimizdən gələni etməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə