Amnistiya aktının qəbul olunması xalqımızı sevindirən haldır - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənab Prezident İlham Əliyev 8 noyabr- Zəfər Günü münasibətilə Amnistiya Aktı imzalamışdır. Milli Məclisdə müzakirə edildikdən sonra səsverməyə qoyularaq qəbul edilmişdi. Bu Amnistiya Aktı azadlığa buraxılan şəxslərin sayına görə digərlərindən fərqlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Mobil Vəkiloğlu bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanda indiyə qədər qəbul edilən ən böyük Amnistiya aktıdır: "Təxminən 15 minə yaxın şəxsin azadlığa buraxılması nəzərdə tutulub. 8 noyabr- Zəfər Günü münasibətilə qəbul edildiyinə görə 1-ci və 2-ci Qarabağ müharibələrində şəhid olmuş şəxslərin, yaralanmış şəxslərin, həmçinin müharibə zamanı əlilliyi müəyyən edilmiş şəxslərin yaxın qohumlarına şamil edilmişdir. Həmçinin Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda keçirilən bütün döyüşlərdə şəhid olmuş, yaralanmış, hətta itkin düşmüş şəxslərin yaxın qohumları üçün nəzərdə tutulmuşdur. Cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən və Milli Məclis tərəfindən qəbul edilən bu Amnistiya Aktı olduqca humanist bir addımdır. Zəfər Gününün 1-ci il dönümündə belə bir qərarın qəbul edilməsi Azərbaycan xalqı üçün olduqca mühüm hadisədir. Həm Zəfər Günü, həm də Amnistiya Aktının qəbul olunması xalqımızı sevindirən bir haldır. Bu, həmin ailələr üçün bu ikiqat sevincdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə