"Azərbaycan hər zaman mehriban qonşuluğun və sülhün tərəfdarı olub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərək müharibə zamanı və postmüharibə dövründə regionda yaranmış vəziyyət haqqında dövlət başçılarına ətraflı məlumat verdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin təcili və qeyri-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələrinin icrasını özü yerinə yetirdiyini vurğuladı: “Düz 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını Azərbaycan 44 günə yerinə yetirdi. Ağdam, Kəlbəcər, Laçın rayonları siyasi yolla, qalan 300 dən çox şəhər və kəndlərimizi isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu işğaldan tam azad etdi. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazışının detallarının müzakirə olunması üçün danışıqlara hər zaman hazır olduğunu bəyan edib. Təəssüf ki, Ermənistan tərəfindən hər hansı müsbət addımlar atılmayıb”.

Deputat nəzərə çatdırıb ki, Ermənistan işğal dövründə bütün ərazilərə minaları toxum kimi səpib: “Müharibə bitdikdən sonra 150-dən çox soydaşımız mina partlaması nəticəsində həlak olub və ağır yaralanıb. Ermənistan tərəfi hələ də minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Çıxışı zamanı cənab İlham Əliyev ermənilərin işğal zamanı Qarabağı və Şərqi Zəngəzuru xarabalıqlara çevirdiklərini vurğulayıb. İşğaldan azad edilən ərazilərdəki 67 məscid tamamilə dağıdılıb, qismən salamat qalan 2 məsciddə isə ermənilər heyvan saxlayıblar. Bu ermənilərin İslam dəyərlərinə qarşı etdiyi vəhşilikdən xəbər verir. Füzuli, Qubadlı, Zəngilan və digər işğal altında saxladıqları ərazilərdə daş üstə daş qoymayıblar. İşğaldan əvvəl Azərbaycanın ən inkişaf etmiş və gözəl rayonu olan Ağdamı tamamilə yerlə yeksan edib, talayıblar. İndi Ağdama gələn qonaqlar onu "Qafqazın Herosiması" adlandırırlar. Ölkə başçısının çıxışı zamanı diqqət çəkən məqamlardan biri də 30 illik işğal dövründə Azərbaycanla İran arasında 130 km-lik dövlət sərhəddinin nəzarətsiz qalması və İrandan Cəbrayıl rayonuna keçməklə Ermənistana, oradan da Avropaya narkotik maddələrin daşınması oldu. Bu gün Azərbaycan, öz dövlət sərhədlərinə özü nəzarət edir və bununla da bu qanunsuz hərəkətlərin qarşısını almış olur”.

K.Əliyeva vurğulayıb ki, İran Ermənistanla birləşərək 30 il işğal olunmuş Azərbaycan ərazilərində narkotik maddələr becərərək gizli yolla Avropaya ötürüblər: “Son zamanlar Azərbaycan İranın bu qanunsuz hərəkətlərinin qarşısını aldığına görə, İran Azərbaycana qarşı yersiz və əsassız ittihamlar irəli sürür. Cənab İlham Əliyevin İranın bu qanunsuz hərəkətləri barədə verdiyi açıqlamadan sonra dünya ictimaiyyəti Azərbaycanla İran arasında yaranmış bu gərginliyin İran tərəfindən qaynaqlandığını qəbul edəcəklər. Güman etmək olar ki, İran öz səhvlərini başa düşəcək və Azərbaycanla normal münasibətləri bərpa edəcək. Azərbaycan dövləti hər zaman mehriban qonşuluğun və sülhün tərəfdarı olub”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə