"Prezidentin hər səfəri şəhərin yeni simasının bir daha nümayişidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Sumqayıt şəhəri Azərbaycan regionları içərisində Bakıya yaxınlığı, şəhər əhalisinin tərkibində ölkənin bütün regionlarının nümayəndələrinin təmsil olunması, Bakıdan sonra özünün iqtisadi potensialına görə ikinci böyük şəhər olması ilə xüsusi yer tutur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Sumqayıtda hər daim yenilənmə, yeni iş yerlərinin yaradılması məsələlərinə xüsusi diqqət ayrılır: “Vaxtaşırı cənab Prezidentin Sumqayıta səfərləri zamanı biz yeni müəssisələrin açılmasının, sosial obyektlərin tikintisinə vəsaitin ayrılması, şəhərin gözəlləşməsi ilə bağlı ciddi addımların atılmasının şahidi oluruq. Sumqayıtda köhnə fabrik və zavodların ekoloji cəhətdən daha sağlam yeni müəssisələrin inşa edilməsi artıq bir sistem halını alıb. Cənab Prezident İlham Əliyevin Sumqayıta son səfəri zamanı biz Azərbaycan iqtisadiyyatında xüsusi yer olacaq bir müəssisənin açılışının şahidi olduq. Həmçinin Sumqayıtın bir şəhər kimi inkişafına da dövlətimizin tərəfindən böyük diqqət edilir”.

A.Mirzəzadə vurğulayıb ki, şəhərə xüsusi bir gözəllik verəcək, 50 nəfər hakimin işləyəcəyi Sumqayıt Məhkəmə kompleksinin inşası da dövlət obyektlərinin tikintisinə, müasir tələblərə cavab verən bir struktura malik olmasına diqqət edildiyi görünür: “Sumqayıtda məktəblərin təmiri, yeni məktəblərin salınması, xəstəxanaların təmiri, özəl səhiyyə ocaqlarının yaradılmasına diqqət gündəmdə olan məsələlərdəndir. Sumqayıtın Xəzər sahilində yerləşdiyini nəzərə alaraq Sumqayıt bulvarının genişlənməsi, gözəlləşməsi ilə əlaqədar da çox ciddi addımlar atılır. Cənab Prezidentin Sumqayıta hər səfəri şəhərin yeni simasının bir daha nümayişidir. Biz Sumqayıt əhalisinin daha yaxşı yaşaması, daha çox iş yeri ilə təmin edilməsi, onların sosial problemlərinin həlli üzrə atılan addımların bir daha şahidi oluruq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə