Türkiyə ilə hərbi təlimlər bundan sonra da intensiv hal alacaq - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Son dövrlərdə Azərbaycan qardaş Türkiyə ilə hərbi sahədə çox yaxından əməkdaşlıq edir. Müxtəlif qoşun növlərinin intensiv və davamlı şəkildə birgə hərbi təlimlər keçirdiyinin şahidi oluruq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Azərbaycanla Türkiyə 15 iyun 2021-ci ildə imzalanmış Şuşa bəyannaməsi ilə artıq müttəfiq ölkələrdir: “Bu müttəfiqlik hərbi əməkdaşlıq sahəsində də öz əksini tapıb. Cənab prezident İlham Əliyev də Azərbaycan ordusunun məhz Türkiyə ordusu modelinə çevrilmək istiqamətində addımlar atıldığı barədə bir neçə dəfə mesajlar verib”.

C.Osmanov vurğulayıb ki, Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında yer tutmuş qardaş Türkiyə ordusunun modelinə çevrilməsi çox mühüm məqamdır: “Düşünürəm ki, bu cür təlimlər bundan sonra da davamlı şəkil alacaq. Bu, həmçinin bəzi dairələrə də bir mesajdır. Təlimlər, eyni zamanda, qarşılıqlı əməkdaşlığın bir təzahürüdür. Biz iki qardaş ölkə olaraq hərbi sahə ilə yanaşı, bütün sahələrdə əməkdaşlıq edirik və bundan sonra da edəcəyik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə