Erməni tərəfi sözün arxasındakı gücü görməlidir - DEPUTAT REAKSİYA VERDİ

“Cənab Prezidentin Şuşa və işğaldan azad olunmuş digər ərazilərə səfəri çıxış nitqində verdiyi mesajlar erməni tərəfi üçün ciddi siqnaldır və bu siqnallar tez-tez verilir. Təbii ki, bu cür siqnalların verilməsinin əhəmiyyəti danılmazdır. Bununla bərabər görünür ermənilərin başlarına yumruq dəyməsə ağıllanmaq istəmirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Razi Nurullayev deyib.

Deputatın sözlərinə görə, yenə də revanşit hisslərlə silaha əl atanlar var: “Sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində yaşayan ermənilər səngərlər qazır, özlərinə müxtəlif bayramlar təşkil edirlər. Bütün bunların fonunda Azərbaycan tərəfi də onlara lazımı mesajları göndərir. Amma onlar rus sülhməramlılarının arxasında gizlənib bu şəkildə özbaşınalıqlara yol verə bilirlər. Biz öz növbəmizdə onlara mesajlar göndəririk, lakin bir dəfə onlara əməli cəza tədbirləri də görmək lazım gələcək. Bunun üçün Laçın dəhlizini Azərbaycan ən azı 5-10 gün bağlamalıdır”.

R.Nurullayev vurğulayıb ki, Laçın dəhlizindən istifadə edib Azərbaycanın ərazisinə qanunsuz şəkildə silah daşıyan erməni, digər ölkələrin maşınları həbs edilməlidir: “Həmin maşınların silah daşıdığına əminlik varsa, PUA-larla da zərbə endirmək olar. Ermənistandan nümayəndə heyəti də Xankəndinə gəlib və heyətin tərkibində həm də onların deputatları var. Laçın dəhlizindən istifadə edərək Xankəndidən geri qayıdarkən onları həbs etməyə çalışmaq lazımdır. Bu cür təziqləri görüb burunları əzilməsə, sözün arxasında gücün olduğunu görməsələr, onların özlərinə gəlməsi mümkün deyil. Bu, həm də Rusiya sülhməramlıları üçün ciddi bir siqnal ola bilər ki, Azərbaycan deyir və edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə