ABŞ Azərbaycana qarşı olan “münasibətini” rəsmən təsdiq etdi AKTUAL+ANALİTİK

Əgər Vaşinqton “genosidi” tanıyırsa, deməli, həmin qərara uyğun hərəkət də etməli, sona qədər “məzlum və əzabkeş erməniləri” dəstəkləməli, onların “nazları” ilə oynamalıdır...

Məlum olduğu kimi, iyulun 28-dən 29-a keçən gecə ABŞ-ın Konqresinin Nümayəndələr Palatası “Xarici Yardım Haqqında” qanuna (H.R.4373) düzəliş edərək, ABŞ tərəfindən Azərbaycana hər hansı bir hərbi yardımın göstərilməsini yasaqlayan qərar qəbul edib.

Xatırladaq ki, düzəliş Konqresmen Frenk Palone tərəfindən irəli sürülüb və yekdilliklə qəbul edilib. ABŞ konqresmenləri öz çıxışlarında Azərbaycan xalqına və liderinə qarşı qəbuledilməz ittihamlar irəli sürüblər. Misal üçün, “100 minlərlə etnik ermənini “artsaxdan” qovmaqda” (?!) suçlayıblar, hətta daha ağır qərarların qəbul edilməsini tələb olaraq irəli sürüblər.

“Genosid” tanınanda Corc Sorosun milyardları hesabına hakimiyyətə yiyələnmiş Bayden bildirmişdi ki...

Ən əsası isə odur ki, amerikalılar bu düzəlişin qəbulunu seçkilərdə bir sıra müəmmalar və qaranlıq məqamlarla qalib gəlmiş ABŞ prezidenti Co Baydenin qondarma “erməni genosidini” tanımasına bağlayıblar. Yəni nəticə belədir: əgər ABŞ “genosidi” tanıyırsa, deməli, həmin qərara uyğun hərəkət də etməli, sona qədər “məzlum və əzabkeş erməniləri” dəstəkləməli, onların “nazları” ilə oynamalıdır. Ədalət, haqq və reallıq isə atılır arxa plana!

Xatırladaq ki, “genosid” tanınanda Corc Sorosun milyardları hesabına hakimiyyətə yiyələnmiş Bayden bildirmişdi ki, sən demə, bu qərarın heç bir qüvvəsi yoxuymuş (?). Halbuki, mövcud nəticələr göz qabağındadır və qarşıda bizlər növbəti qərarların da veriləcəyini görəcəyik.

ABŞ Konqresinin bəlli qərarından sonra istər Azərbaycan, istərsə də Türkiyə müttəfiqlər olaraq, bütövlükdə ABŞ-la münasibətlərinə yenidən baxmalıdırlar

Və bu gün - Azərbaycana qarşı sözügedən qərarlar qəbul edilirsə, həmçinin Türkiyənin regional siyasətinə qarşı da hazırkı vaxta qədər aşkar antitürk xarakterli qətnamələr çıxarırsa, artıq burada hər hansı səmimiyyətdən, partnyorluqdan, iş birliyindən ümumiyyətlə, danışmağa dəyməz.

Beləliklə, ABŞ Konqresinin bəlli qərarından sonra istər Azərbaycan, istərsə də Türkiyə müttəfiqlər olaraq, bütövlükdə ABŞ-la münasibətlərinə yenidən baxmalıdırlar.

Link aşağıda:

https://en.armradio.am/2021/07/28/house-of-representatives-passes-pallone-amendment-cutting-u-s-military-aid-to-azerbaija

ABŞ səfiri erməni hökumətinə razılaşmaların həyata keçirilməsindən yayınmaları üçün onlara ürək-dirək verir

Yeri gəlmişkən, bu fonda cərəyan edən hadisələrin, məhz Ermənistan-Azərbaycan sərhədlərində yaşanan gərginliklərə paralellik təşkil etməsini əsla təsadüf hesab etmək olmaz. Belə ki, bu qətnamə ABŞ-ın Ermənistandakı səfirinin sərhədyanı bölgələrə səfərindən sonra qəbul edilməsi artıq bütün kartları açır.

Məsələn, xatırlada bilərik ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi 2020-ci ilin noyabrının sonlarından başlayıb və bu vaxta qədər ciddi insidentlər yaşanmamışdı. Təkcə Qafan və s. ərazilərlə sərhədlərdəki sərhəd müəyyənləşdirilmələri xatırlayarsaq görərik ki, həmin ərəfələrdə insidentlər baş verməyib və hər şey razılaşdırılmış formada həyata keçirilib.

Amerikalı səfir Treysinin Zəngəzura hələ aprel və may aylarında səfərlərindən sonra Qaragöl ətrafında erməni təxribatlarına start verildi və hərəkətlilik yaşandı.

Treysinin Basarkeçərə və Zəngəzura ötən həftəki sonuncu səfərindən sonra isə artıq hər şey üzə çıxdı və son bir neçə gündür ki, bu ərazilərdə erməni silahlılarının təxribatları yaşanılır. Görünən isə budur – ABŞ səfiri erməni hökumətinə razılaşmaların həyata keçirilməsindən yayınmaları üçün onlara necə deyərlər, ürək-dirək verir. Konqresdə qəbul edilən sonuncu qərar da bu faktın faktoloji nəticəsidir. İndi, top Azərbaycandadır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə