"Ərazi bütövlüyümüzün təmin edilməsi... " - MƏQALƏ

Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqilliyini yenicə əldə etmiş Azərbaycan 1993-cü ilə qədər problemlər, ziddiyyətlər, daxili çəkişmələr məkanına çevrilmişdi. 15 İyun-Milli Qurtuluş Günü də məhz bu məziyyəti və mahiyyəti etibarilə Azərbaycanın digər dövlət bayramlarından fərqlənir, böyük siyasi əhəmiyyət kəsb edir. 1993-cü ilin 15 iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Bu səbəbdən də Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Son illər Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sferalarında əldə olunmuş uğur və nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın müxtəlif sahələrində tənəzzülü dayandırmaq, inkişafı, eləcə də ölkə vəndaşlarının təhlükəsizliyini təmin etmək mümkün olub. Qurtuluşun sayəsində Azərbaycan özünü bütün dünyada demokratik ölkə kimi tanıdıb, dünya birliyində özünəlayiq yer tutub. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi. Bu qayıdışın daha bir nəticəsi xalqın özünəinam hissinin bərpası idi.

Təsadüfi deyil ki, Heydər Əliyev Naxçıvandan Bakıya dönən gün bütün Azərbaycan sevinc içərisində idi. Ürəklərin kədərinə, həsrətinə, ümidsizlik və iztiraba son qoyulmuşdu. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın bir sıra ciddi problemləri həllini tapdı.

Azərbaycan ən əvvəl vətəndaş müharibəsi təhlükəsindən-daxili parçalanmadan, sonra isə beynəlxalq aləmdən təcrid olunmaqdan xilas oldu. Əslində, bugünkü uğur və nailiyyətlərimiz də məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. Çünki dövlətimizin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də məhz Ulu öndərin layiqli yetirməsi, onun iqtisadi və siyasi fəaliyyətinin davamçısıdır. Bu il Milli Qurtuluş gününü zəfər sevincimizlə qeyd edirik. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, soydaşlarımızın Böyük Qayıdışına yol açdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizin əvvəlki həyatlarına qayıtmaları üçün bütün zəruri işlər görülür, Qarabağımızın cənnət məkana çevrilməsi əsas hədəflərimizdəndir. Qurtuluşun Azərbaycana vədləri sırasında yer alan ərazi bütövlüyümüzün təmin edilməsi vaxtilə itirilmiş qürurumuzun özümüzə qayıtması ilə yanaşı, gələcəyə daha böyük inamla addımlamağımıza stimuldur.

Məmmədova Nəzrin Novruz qızı

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyi sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə