"Hakimiyyət dəyişə bilməz, bunu ağlınızdan da keçirməyin" Paşinyan

"Ermənistanda hakimiyyət dəyişə bilməz". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri bu gün parlamentdə Nikol Paşinyan deyib.
Paşinyan yenə də xalqın adından istifadə edərək, sözünü əsaslandırmağa, bununla da manipulyasiya etməyə çalışıb.
"Çünki, hakimiyyət 2018-ci ildən bəri xalqa məxsusdur. Xalqa məxsus olanı dəyişmək necə ola bilər? Yəni Ermənistanda xalq necə hakimiyyətə sahib olmaya bilər? Bu istisnadır, bunu unudun və hakimiyyət dəyişikliyini ağlınızdan belə keçirməyin", deyə Nikol Paşinyan hakimiyyətdən əl çəkməyəcəyi niyyətini gizlətməyib.
O, müharibənin onları zəiflətdiyini də açıq şəkildə etiraf edib. Paşinyan, "Biz yenə insanların ayağına getmək və yenidən gücümüzü tapmaq istəyirik", deyib.
Xatırladaq ki, ötən ay, 25 aprel tarixində Nikol Paşinyan baş nazir postundan istefa verib. Nəzərə alsaq ki, Ermənistan Konstitusiyasının tələblərinə görə, növbəti seçkilərin keçirilməsi, həmin seçkilərdə Paşinyanın iştirakı üçün onun istefası tələb olunur və Nikolun bu istefa addımı da bu baxımdan bəlli məsələdir.
Onu da diqqətə çatdıraq ki, Nikol Paşinyan heç də öz istəyi, öz xoşu ilə növbədənkənar seçki keçirmək qərarına gəlməyib. Qeyd edək ki, cəmi 44 gün davam edən müharibədə rüsvayçılıqla məğlub olan Ermənistanın sıravi vətəndaşları Nikol Paşinyanın baş nazir postundan istefasını tələb edərək hər gün İrəvanın küçə və meydanlarında etiraz aksiyaları, nümayişlər, nitinqlər keçirməkdən əl çəkmirdilər və hələ də bu niyyətdədirlər. Məhz onun istefasını tələb edən qüvvələri, etirazçıları sakitləşdirmək üçün Nikol Paşinyan belə bir addım atmaq məcburiyyətində qalıb, sanki, bunu çıxış yolu hesab edərək, öz hakimiyyətini bir qədər uzatmaq istəyib və hardasa buna nail olub da. Görünür, Paşinyan bununla kifayətlənmək niyyətində deyil və hakimiyyəti əldən verməməkdə son dərəcə israrlıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə