Müxalifətin yenilənməsi zərurətə çevrilib RƏY-ÖZƏL

Təhmasib Novruzov: “Müxalifət funksionerləri boş yerə atılıb düşməklə məşğuldurlar”

26 ildən artıqdır ki, radikal müxalifət ciddi siyasi fəaliyyət ilə məşğul deyil. Demək olar ki, bu gün radikal müxalifətin əsas fəaliyyəti ancaq ağa qara demək və Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdən ibarətdir. Məhz radikal müxalifət təmsilçiləri bu cür hərəkətlər etməsidir ki, onlar cəmiyyətin gözündən tamamilə düşüblər. Onların bu cür fəallaşması da aydın məsələdir. Yəni özlərini xaricdə olan havadarlarına reklam etmək diqqəti özlərinə cəlb etmək məqsədi dayanır.

Məsələ ilə bağlı fikirlərini bölüşən “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, yerli və xarici maraqlı dairələr Azərbaycan dövlətinin inkişafından qısqanclıq hissi keçirirlər: “Müxalifət öz maraqları üçün çalışır ki, boş qalan ciblərini doldura bilsin. Ümumiyyətlə, müxalifət təmsilçiləri özləri də çox yaxşı bilirlər ki, onların digər seçkilərdə olduğu kimi bu seçkilərdə də qalib olmaq şansları sıfıra bərabərdir. Bir sözlə, AXCP, Müsavat partiyalarının funksionerləri uzun illərdir ki, Azərbaycanın siyasi meydanlarında atılıb düşürlər. Amma onlar əslində bir siyasətçi kimi özlərini təsdiq etməyiblər. Onlar meydanlarda atılıb düşən, siyasətlə məşğul olmaq imitasiyası yaradan adamlardır. Əslində siyasətlə məşğul olmaq, siyasətçi olmaq, siyasi fəaliyyətlə məşğul olmaq tamam başqa bir anlayışdır. Bu siyasi nəzəriyyələri əgər onlar bilmirlərsə siyasi nəzəriyyələrə müraciət etsinlər və baxsınlar. O elimi mənbələrdə bunun açıqlaması göstərilir. Bunların məşğul olduqları tamamilə ilə başqa bir şeydir”.

T.Novruzovun sözlərinə görə, müxalifətin məşğul olduqları siyasət deyil: “Görünür onların əlində başqa iş gəlmir. Bu illər ərzində yalnız asan fəaliyyət yolu seçiblər özləri üçün. İqtidarın gördüyü böyük, möhtəşəm işlərə qara yaxmaq, şər-böhtan yağdırmaq və bununla da xaricdə kimlərinsə diqqətini cəlb etmək, gündəmdə qalmaq və belə də yaşamaq onların əsas fəaliyyətləridir. “Siyasi mühacir”lər deyilən şəxslər gəlincə gec-tez onlar layiq olduqları cəzanı alacaqlar. Bu qaçılmazdır. Ümumiyyətlə, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifəti qara günlər gözləyir. Onlar öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. O cümlədən də, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar ortaya konkret ideya qoya bilmirlər. Onların ortaya nə isə ideya qoya bilməməklərinin səbəbi odur ki, bu partiyaların əksəriyyəti hansısa ideologiya əsasında formalaşan partiyalar deyil. Həmin partiyalar ayrı-ayrı şəxslər ətrafında formalaşaraq fəaliyyət göstərirlər. Belə olan halda da, sözügedən partiyaların iş fəaliyyəti də həmin şəxslərin şəxsi maraqlarına yönəlir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə