"Tarixin ən ağır günlərində gürcü xalqına biz dəstək olmuşuq" ÖZƏL-MÜNASİBƏT

"Gürcüstanda Qiorqi adlı bir yepiskop "Rustavi 2" kanalında əslən azərbaycanlı olan sovet dövlət xadimi Nəriman Nərimanovun qonşu ölkənin Marneuli şəhərindəki heykəlinin sökülməsini tələb edib. Xristian dininin yerarxiyasına görə, yüksək rütbəli bu din adamı televiziyadakı çıxışında hədə gəlməkdən belə çəkinməyib: "Qəti şəkildə bildirirəm və onlara vaxt verirəm ki, heykəli söksünlər...". Mən bunu hər şeydən əvvəl həyasızlıq və elə Gürcüstan Respublikasının özünün qanunlarına zidd addım kimi qiymətləndirirəm". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

"Bildiyimiz qədər, Gürcüstan dünyəvi ölkədir, din dövlətin işlərinə qarışa bilməz. Qonşularımız, həmçinin, demokratik - hüquqi dövlət olduqlarını hər addımda bəyan edirlər. Lakin keşiş Qiorqinin hərəkəti bunların heç biri ilə uzlaşmır. Əfsuslar olsun ki, vətənində bir nəfər də tapılmır ki ona irad tutsun, kilsədəki yerində oturtsun. Kilsə demişkən, dağlıq ölkə olan Gürcüstanın qışı sərt olduğundan soyuq aylarda ibadətgahların qapısını açanlar çox az olur. Görünür, Azərbaycanın sözügedən dövlətin ərazisindəki kilsələrə, o cümlədən, erməni monastırlarına verdiyi pulsuz qaz Qiorqi atanı o qədər istilədib ki emosiyalarına və ritorikasına yiyəlik edə bilməyib. Məsələnin başqa tərəfi də var. Axı,Marneuli taleyin amansız hökmü ilə Gürcüstana verilmiş tarixi torpaqlarımız olan Borçalımızın bir parçasıdır, tarixi adı isə-Sarvandır. Gürcü millətçilərinin bu gün də dəyişdirməkdə davam etdikləri yüzlərlə topinimlərimizdən biridir. İndi də onun əhalisinin mütləq əksəriyyəti azərbaycan türkləridir.

Bir gedin, o, torpağın tarixi sakinlərindən soruşun, görün,bu abidənin sökülməsini istəyirlərmi? Nəriman Nərimanovun şəxsiyyətinə gəldikdə bunları demək istəyirəm ki, o, nə Stalin kimi qəddar, nə Beriya kimi dinsiz-imansız, nə Mikoyan kimi bic və yaltaq deyildi. Tiflisdə dünyaya göz açmış N.Nərimanov hər şeydən əvvəl görkəmli ziyalı, gözəl yazar, əli şəfalı həkim idi, Gürcüstana da, gürcü xalqına da böyük rəğbəti var idi. Görəsən,onun heykəlinin dağıdılması o din adamına nə verər? Əgər, bu keşiş nəyisə gerçəkdən uçurmaq istəyirsə, gedib elə həmin Marneulinin erməni kəndlərindəki terrorçulara, qaniçənlərə ucaldılmış abidələri yerlə - yeksan etsin. Belələrinə bir sözüm də var. Unutmayın ki, tarixin ən ağır günlərində gürcü xalqına biz dəstək olmuşuq. 2008-ci ildəki Rusiya - Gürcüstan müharibəsində olduğu kimi..."-deyə, M.Səfərli fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə