Tofiq Yaqublunun həbsində hər hansı qərəzli yanaşmadan söhbət etmək məntiqsizdir - ÖZƏL MÜNASİBƏT

"Tofiq Yaqublunun həbs olunduğunu mətbuat vasitəsilə öyrəndim. Düşünürəm ki, baş vermiş qəza hər bir vətəndaşın başına gələ bilər. Bu məsələni böyüdərək ictimailəşdirib siyasi bir don geyindirmək lazımsız bir hərəkətdir". Bunu SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Y.Bağırzadə bildirib ki, məsələnin bu qədər siyasiləşdirilməsinin Tofiq Yaqubluya hər hansı bir xeyri yoxdur: "Bu məsələdən kimlərinsə divident götürməyə çalışması heç kimə şərəf gətirmir. İstintaq hələ davam edir və nəticələri bəlli deyil. Bunu adi bir nəqliyyat qəzası kimi qəbul etmək lazımdır. Bir hüquqşünas kimi qeyd etmək istəyirəm ki, bu məsələni cəmiyyətə başqa cür təqdim etmək düzgün yanaşma deyil. Bu gün koronavirus pandemiyasının yayıldığı bir vaxtda cənab Prezident İlham Əliyevin sərəncamı ilə 200 nəfər məhbus azadlığa buraxılıb. Belə olan hada Tofiq Yaqublunun həbsində hər hansı qərəzli yanaşmadan söhbət etmək məntiqsizdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə