"Prezident azərbaycanlının ermənidən güclü olduğunu təsdiq etdi" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanı faktlarla, dəlillərlə əzib keçməsi bütün prizmalardan ölkə başçımızın qələbəsi idi". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti bir insan, siyasətçi, dövlət başçısı, xalqın lideri kimi Paşinyandan qat-qat üstün idi: "Hətta mən müqayisə belə etmək istəməzdim. Bəzən isə təəssüflənirəm ki, nahaq yerə bizim Prezidentimiz onunla görüşdü, debata çıxdı. Axı indi nə edək ki, bu bir siyasətdir və Qarabağ məsələsidir. Əvvəla nəzərə almaq lazımdır ki, bu tarixdə ilk debatdır. Bu vaxta qədər Dağlıq Qarabağ danışıqları bağlı qapılar arxasında keçib. Ermənilər həmişə çalışıblar sübut etsinlər ki, guya ATƏT-in Minsk Qrupunun verdiyi bəyanatlar aysberqin üz tərəfidir. İndi son vaxtlar Azərbaycan Prezidenti çalışır ki, mümkün qədər hər şey açılsın. Bizim Prezident nəinki Ermənistanın yürütdüyü siyasəti ifşa etdi, hətta fikrini elə qurdu ki, sonucdaa Paşinyan özü-özünü ifşa etməyə başladı. Sonradan Paşinyan Yerevana gələrək yenə də özünü rüsvay edən bəyanatlar verməyə başladı. Ölkə başçımızın müəyyənləşdirdiyi qaydadan Paşinyan kənara çıxa bilmirdi. Bununla belə Azərbaycan tərəfi hər zaman çalışıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində alternativ vasitəçilik olsun. Çünki ATƏT-in Minsk Qrupunun konsensus mexanizmi ermənilərin xeyrinədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev kifayət qədər təcrübəlidir və fikrini də düzgün qurmuşdu. Ölkə başçımız orada çox düzgün olaraq qeyd etdi ki, erməni birləşmələri Azərbaycan ərazilərini tərk etməlidir. Cənab Prezident Azərbaycanlının ermənidən güclü olduğunu təqdim etdi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə