"Bu, ermənilərin xislətidir" MÖVQE

"Ermənilər ilk dəfə Xocalıda soyqırım törətməklə, dinc, silahsız əhaliyə, qocalara, qadınlara, uşaqlara qarşı vandallıq etdilər. Ermənilər mütəmadi olaraq uşaqları hədəfə alırlar. Ağdamda 8 yaşlı Farizi qətlə yetirdilər. Qazaxda ermənilər partlayıcı qurğu quraşdırılmış oyuncaq göndərməklə Aygün adlı qız uşağını, bu gün isə 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirdilər. Bu, onların xislətidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Bəxtiyar Sadıqov deyib.

İyulun 4-də Ermənistan tərəfindən Füzulinin Alıxanlı kəndində törədilənləri vandalizm adlandıran deputat söyləyib ki, həmin gün ermənilər nənə və nəvəni qətlə yetirməklə, bir daha öz xislətlərini göstərmiş oldular.

B.Sadıqov qeyd edib ki, ATƏT-in Minsk qrupu bu cür vandalizm cinayətlərinin danışıqlar prosesinə mane olduğunu bilməli və ermənilərin işğal altındakı ərazilərimizdən çıxarılması üçün düşmən ölkənin hakimiyyətinə təzyiqlər etməlidir.

Xatırladaq ki, iyulun 4-də erməni silahlı birləşmələrinin Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, iki yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Millət vəkili bildirib ki, iyulun 4-də törədilən təxribat konkret vandalizmdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə