Vətəndaş Həmrəyliyi Partiyası ən azı 15 mandata ümid edir

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) parlament seçkilərində iştirak edəcək namizədləri müəyyənləşdirib. SİA-ya açıqlamasında VHP Siyasi Şurasının üzvü Samir Əsədli namizədlər siyahısında 80 nəfərin adının olduğunu bildirib.

 

Onlardan 65-nin iştirak edəcəyi seçki dairəsinin də məlum olduğunu söyləyən S.Əsədli digərlərinin də seçki dairələrini müəyənləşdirmək üçün müzakirələrin aparıldığını deyib: "Həmin şəxslərin müvafiq dairələrə namizəd kimi irəli sürülməməsinin səbəbi odur ki, həmin dairələrdə bir sıra partiya sədrləri mandat uğrunda mübarizə aparacaqlar. Ola bilər ki, həmin namizədlər irəli sürülməsin. Sürülsə belə mümkündür ki, sonradan həmin dairələrə namizədliyini irəli sürən partiyamızın üzvləri partiya sədrlərinin xeyrinə namizədliyini geri götürsünlər. Eyni zamanda partiyanın bir neçə dairədən müstəqil olaraq qatılan şəxsləri də dəstəkləmək barədə fikriləri var. İştirak edəcəyimiz 65 dairənin adı məlum olsa da, nəzərdə tutmuşuq ki, bu rəqəmi 72-ə çatdıraq".

 

Siyasi Şurasının üzvü müəyyənləşdirilən namizədlərinin 99 faizinin partiyanın mərkəzi strukturunda təmsil olunanlar, rayon təşkilatlarının sədrləri və partiyanın digər fəal üzvləri olduğunu qeyd edib. O, 5 bitərəf şəxsin namizədliyinin partiya tərəfindən irəli sürüləcəyini deyib. Seçkilərdə digər müxalifət partiyaları ilə əməkdaşlığa gəlincə, S.Əsədli bununla bağlı VHP-yə müraciətlərin olduğunu, ancaq partiyanın seçkilərə tək getmək barədə qərar qəbul etdiyini vurğulayıb: "Həmin partiyaların konkret olaraq adlarını çəkmək istəmirəm. Bir neçə partiyadan bizə təklif gəldi ki, blok yaradaraq seçkilərə birgə gedək. Partiya bloklara qoşulmamaq haqqında qərar qəbul edib və qərara uyğun olaraq seçkilərə tək gedəcəyik. Ötən parlament seçkilərində blok şəklində qatıldıq. Ədalət, Vahid Azərbaycan Milli Birlik, Azadlıq partiyaları da həmin bloka daxil idilər. Blok yaradıldı və demək olar ki, həmin partiyalar namizəd irəli sürmədilər. Blokun bütün namizədləri Vətəndaş Həmrəyliyi Partiyasından oldu. Biz də belə qərara gəldik ki, əgər blok yaranırsa və bloka daxil olan partiya namizəd irəli sürmürsə, onda niyə blok quraq".

 

S.Əsədli seçkilərdə blok formasında iştirakın da müəyyən çatışmayan cəhətlərinin olduğunu vurğulayıb: "Bu zaman sənədləşmə işləri bir qədər çətin olur. Vaxtın demək olar ki, böyük hissəsi bu işə sərf edilir. Partiya seçkilərə tək gedəndə isə namizədlər üçün Seçki Məcəlləsinin maddələri daha münasib olur. Partiyamızın gücü var ki, seçkilərə tək getsin. Ancaq bir neçə siyasi partiya ilə razılığımız var ki, seçki dövründə namizədlərin qarşılıqlı dəstəklənməsi üçün mərkəz və yaxud birlik yaradaq. Daha şanslı namizədlər dəstəklənsin, şanslı namizədlər digərlərini xeyrinə namizədliyini geri götürsün. Belə bir əməkdaşlıq daha məqsədəuyğun hesab edirik".

 

VHP-nin seçkilərdə uğur ehtimalına gəlincə, Siyasi Şuranın üzvü təmsil etdiyi partiyanın ən azı 15 mandat qazana biləcək potensiala malik olduğunu diqqətə çatdırıb: "Partiyanın mərkəzi strukturunda yer alan şəxslərin parlamentə düşmək ehtimalı daha böyükdür".

Bütün xəbərlər Facebook səhifəmizdə