MSK rəsmisi: "Seçkiləri on minlərlə müşahidəçi izləyəcək” TƏDBİR-FOTOLAR

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa İttifaqının Azərbaycandakı nümayəndələyinin təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda MSK sədrinin müavini Natiq Məmmədov, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts, seçki məsələləri üzrə ekspert Sergey Kaleçenko, MSK üzvləri, MSK katibliyinin təmsilçiləri və dairə seçki komissiyalarının nəzdində olan ekspert qruplarının üzvləri iştirak edib.

Natiq Məmmədov tədbiri açıq elan edərək qeyd edib ki, Azərbaycan 20 ildən artıqdır müstəqillik əldə edib: "Qısa zaman kəsiyində Avropaya inteqrasiya etmişik. Azərbaycanda çoxpartiyalı sistem mövcuddur. Belə ki, 5 milyondan artıq seçici, 50-dən çox siyasi partiya var. Azərbaycan bu istiqamətdə inkişafını təmin etməkdədir".

MSK sədrinin müavini onu da bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda keçirilən seçkilər də problemsiz ötüşmür: "Seçki elə bir prosesdir ki, burada seçicilərin hamsının hüquqlarının təmin edilməsi asan məsələ deyil. 2010-cu ildə keçirilən parlament seçkilərində MSK-ya daxil olan şikayətlərin sayı 267, 2013-cü ildə keçirilən prezident seçkilərində isə 19 olub. Bu, isə özlüyündə müsbət haldır. Ölkədə hər il seçki ilə bağlı təkmilləşdirmə işləri aparılır. Seçkidə iştirak edən 5 milyon seçicidən 50-100 nəfəri narazı qala bilər. Buna baxmayaraq biz azlıqda qalan şəxslərin də şikayətlərini və müraciətlərini araşdırmalıyıq".

N.Məmmədov deyib ki, Azərbaycanda keçirilən seçkiləri on minlərlə müşahidəçi izləyir: "Seçkilərə təkcə Avropa Məhkəməsi qiymət vermir, bu işlə beynəlxalq təşkilatların müşahidə missiyası da məşğul olur. Təəssüflər olsun ki, bir sıra hallarda bəzi beynəlxalq təşkilatların apardığı müşahidələrin nəticəsi Avropa Məhkəməsinin qərarı ilə uyğunlaşmır. Onlar apardıqları müşahidənin məkanı və vaxtı ilə bağlı məlumat vermirlər. Kiminsə fikirləri əsasında hansısa qənaətə gəlirlər".

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts isə çıxışında qeyd edib ki, demokratik seçkilər demokratiyanın əsaslarından biridir: "Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Mərkəzi Seçki Komissiyası bu sahədə nailiyyətlər əldə edib, öz fəaliyyətində beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır. Bizim birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verir".

Daha sonra ekspert Sergey Kalçenko "Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyası tərəfindən baxılması: Avropa standartları və Azərbaycan qanunvericiliyinə dair" mövzusunda çıxış edib.

Tədbir müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, seminar sentyabrın 5-dək davam edəcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...