"Ermənistanın Aİ-yə üzv olması tamamilə əsassız, məntiqsizdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Avropa İttifaqına üzv olmaq və Ermənistanın gələcəkdə Avropa İttifaqı ailəsinin tərkib hissəsi olmaq kimi söylənilən fikirlər əsasən avropalı siyasətçilər, avropalı təxribat xarakterli partiya, siyasi hərəkatlar, qruplar tərəfindən gündəmə atılmış bir fikirdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, bunlar Ermənistanın gələcəkdə Avropa ittifaqına üzv olmaq məsələsini qaldırmaqla birincisi, Ermənistanı tamamilə manipulyasiya aləti kimi istifadə etmək, ikincisi, Ermənistanda Avropa İttifaqının nüfuzunun və hegemonluğunun daha da artırılmasına hesablanmış planların tərkib hissəsidir: "Avropa Parlamentinin son anti-azərbaycan, anti-türk, obyektiv olmayan iki qətnaməsinin mətninə də baxsaq, Avropa İttifaqının daha çox Ermənistana dəstək verməsi, Avropa İttifaqının sözü gedən "sivil", "mülki" missiyasının sayının və həcminin artırılması kimi çağırışlara rast gəlirik. Bütün bu kontekslərə baxdıqda şahidi oluruq ki, Avropa İttifaqı bir növ Ermənistanı manipulyasiya aləti kimi istifadə etmək və ondan yararlanmaq, Cənubi Qafqazda Ermənistandan Azərbaycana qarşı, regional ölkələrə - Türkiyəyə qarşı bir tarım vasitəsi kimi istifadə etmək üçün bu kimi həvəsləndirici "bonuslar" irəli sürürlər. Ermənistan xalqını, ictimaiyyətini də aldadırlar ki, siz əgər Avropa İttifaqından, Fransadan gələn təlimatlarla hərəkət etsəniz, Fransanın, Avropa İttifaqının manipulyasiya aləti olsanız, biz sizi gələcəkdə Avropa İttifaqına üzv qəbul edəcəyik.

Mən əminəm ki, iqtisadi vəziyyəti bərbad şəkildə olan, öz qonşuları ilə normal münasibətləri olmayan Ermənistanın Avropa İttifaqına üzv seçilməsi mümkün deyil. Bunun üçün gərək Ermənistanı Avropa İttifaqı ilə birləşdirəcək konkret marşrut, koridor olsun. Biz bunu dəfələrlə demişik ki, Ermənistandan daha çox Türkiyə Avropa İttifaqının üzvü olmalı idi. Avropa İttifaqının qapısını 10 illərdi ki, döyürdü. Rasional düşünsək, Türkiyə vasitəsilə Ermənistanın Avropa İttifaqının üzvü olması daha ağlabatan görünərdi. Çünki burada bir quru sərhədlər, eyni iqtisadi məkan Avropa İttifaqının bir məkanı kimi nəzərdə tutula bilərdi. Bunların hamısı hipotetik, nəzəri analizdir".

Onun sözlərinə görə, Avropa İttifaqına Ermənistanın üzv olması məsələsi tamamilə əsassız, məntiqsizdir, sadəcə erməni xalqını aldatmaq, onu manipulyasiya etmək üçün istifadə edilmiş məsələdir: "Heç bir şəkildə bu məsələ reallaşa bilməz. Ən azı Avropa İttifaqına Türkiyə üzv olacağı təqdirdə hələ bu məsələ Cənubi Qafqaza gündəmə gələ bilərdi. Amma onu görürük ki, Türkiyə özü Avropa İttifaqı ilə artıq münasibətlərinə yenidən baxır. Türkiyə Avropa İttifaqının və digər Qərb institutlarının diktə yolu ilə danışmasını qəbul etmir. Necə ki, Azərbaycan da etmir. Ermənistanın da bu məsələdə nəzərdən keçirilməsi manipulyasiya elementi kimi baxılmalıdır. Avropa İttifaqı anlamalıdır ki, Cənubi Qafqaz, Böyük Avrasiya regionunda yeni bir Türk dünyası, türk dövlətləri təşkilatı formalaşır. Hesab edirəm ki, Ermənistan gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə daha çox türk dünyasının nüfuz dairəsində olan coğrafi məkan olmalıdır.".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə