Ermənistan digər ölkələrin müstəmləkəsinə çevrilib

Siyasi analitiklərin qənaətincə X Qlobal Bakı Forumu dünyanın geosiyasi düzəninə mühüm töhfələr verib. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər müzakirə olunub. Beynəlxalq tədbirdə enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb. Postpandemiya dönəmi də Forumun əsas müzakirə mövzularından olub. Forumda sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm fikirlər səsləndirib.
Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və sülh quruculuğu ilə əlaqədar təcrübəsini diqqətə çatdırıb. Ölkə başçısı Azərbaycanın sülh quruculuğu ilə bağlı səylərini və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini təqdim edib. Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Əminliklə demək olar ki, bu platforma ölkəmizin dünya siyasətindəki gücünün ən mühüm göstəricisidir.

Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı problemlərinin həlli baxımından maksimum yararlanıb. Qlobal Bakı Forumu Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilib. X Qlobal Bakı Forumu “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunub. Forumda hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələləri müzakirə edilib. Rusiya-Ukrayna müharibəsi, pandemiyalar, iqlim dəyişiklikləri, texnoloji inkişaf bütün dünya üçün yeni təhdidlər yaradıb. Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda, beynəlxalq arenada gərginliyin artdığı vaxtda məhz Azərbaycanın təşəbbüsü ilə ilk dəfə bu cür geniş tərkibdə və formatda, hər hansı ideoloji çalardan uzaq formatda dünyanı narahat edən məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev çıxışında xüsusi qeyd edib ki, Forum beynəlxalq aparıcı forumlar sırasında yüksək yerdədir: "Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq".

Ölkə başçısı dünya neft bazarında cərəyan edən proseslərə də diqqət yetirib: «Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil".

Ölkə başçısı Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq, indiyədək hər hansı bir müsbət hadisənin baş vermədiyini xüsusi vurğulayıb: "Bu, qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər".

Prezident Azərbaycanda yaşayan ermənilərlə bağlı mülahizələrini Forum iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil: "Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək. Lakin, təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu, baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir".

Ölkə başçısı ATƏT-in Minsk qrupunun bundan sonrrakı fəaliyyətinə də aydınlıq gətirib: "Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, Minsk qrupu ilə bağlı Ermənistanda və ya digər ölkədə hər hansı fərziyyə Azərbaycanda ancaq qıcıq doğurur. Biz münaqişəni həll etdik, Minsk qrupu tərəfindən hazırlanmış və Madrid prinsipləri adlandırılan prinsiplər öz həllini tapıb və artıq biz Ermənistanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq üzərində çalışmalıyıq. Hesab edirəm ki, hər iki tərəf xoş məramla çalışsa, biz sülh sazişini bir il ərzində imzalaya bilərik. Daha sonra Qafqaza sülh gələcək. Bizim Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir".

Ölkə başçısı sonda enerji təhlükəsizliyi ilə bağlı məsələlərə də xüsusi diqqət ayırıb. Prezident enerji təhlükəsizliyinin qlobal gündəliyin aktual məsələlərindən biri olduğunu qeyd edərək bildirib ku, Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır və bu il fevral ayının 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirilib, gələcək addımlar müzakirə edilib: "Lakın Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var".

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə