Ağdam rayonunun dağıdılmış infrastrukturunun yenidən bərpasına ehtiyac var

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Yuxarı Qarabağ regionuna daxil olan Ağdam rayonu 1930-cu il avqustun 8-də yaranıb. Rayonun mərkəzi olan Ağdam şəhəri Bakıdan 362 km məsafədə yerləşir. Rayonun ümumi sahəsi 1.15 min km2-dir və rayonda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd vardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Ağdam rayonunun əhalisi 204000 (01 yanvar 2020-ci il tarixə) nəfər, rayonunun işğal olunmayan kəndlərində yaşayan əhalinin sayı isə 46569 nəfər təşkil edir.

Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayondur. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91.3 hektar sahə isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir. Kənd təsərrüfatı əsas bitkiçilik məhsullarının istehsalında ilk yerdə tərəvəz – 103 ton, daha sonra dənli və dənli paxlalılar- 53 ton (o cümlədən buğda- 45 ton) və şəkər çuğunduru – 20 ton olmaqla qərarlaşıb (2018-ci il statistika məlumatlarına əsasən). Digər bitkiçilik məhsullarından isə pambıq, üzüm, meyvə və giləmeyvə, dən üçün günəbaxan, kartof və bostan məhsullarını göstərmək olar. Kənd təsərrüfatının heyvandarlıq məhsullarının istehsalında ət, süd, yumurta və yun məhsullarının payı geniş vüsət almış və xüsusilə isə süd məhsullarının üstünlüyü 36 ton olmaqla nəzərə çarpır (həmin ilin 1-i yanvar vəziyyətinə olan mal-qara və quşların sayı nəzərə alınmaqla).

Ağdamda dəzgah avadanlıqları, aerkosmik və rabitə cihazları və s. istehsal olunurdu. Ağdam rayonunda traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları emalı ilə

bağlı müəssisələr var idi. Həmçinin, 39 tikinti təşkilatı, 29 kənd təsərrüfatı müəssisəsi, 27 sənaye müəssisəsi, 13 kolxoz və 12 sovxoz, 4 ədəd də onlara xidmət edən təşkilatlar olmuşdur. Xüsusən də Ağdam Dəzgahqayırma zavodunda 950 nəfər çalışmış və bu zavodun məhsulları keçmiş SSRİ-nin 125 şəhərinə göndərilirdi. Rayonda iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət-xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Rayondakı Taxıl Məhsulları Kombinatı ildə 80 min ton məhsul istehsal edirdi.

Ağdam rayonunun demoqrafik göstəricilərindən: əhalisinin milli tərkibi 2009-cu il siyahıyalınmasına əsasən 99.9 faiz azərbaycanlı, digər 0.1 faizi isə rus, ləzgi, tatar, türk və s. kimi digər millətlərdəndir. Təhsil müəsisələrində təhsil alanların sayı 36.600 nəfər olmaqla əhalinin 18.1 faizini əhatə edib. Ali təhsil müəsisələrində təhsil alanların sayı isə 2431 nəfər olmaqla təhsil müəsisələrində təhsil alanların 6.6 faizini özündə ehtiva edir.

Digər sosial- iqtisadi göstəricilərinə gəldikdə isə 2018-ci il üzrə sənaye üzrə məhsulunun dəyəri 12,6 milyon manatdan ibarət olduğunu qeyd etmək mümkündür (müvafiq ilin qüvvədə olan faktiki qiymətləri ilə). Ticarət və iaşə xidmətlərindən pərakəndə ticarət dövriyyəsinin çəkisi 43.3 milyon manat olmaqla ümumi ölkə üzrə dövriyyədə xüsusi çəkisi 0.12 faiz olduğu statistikanın məlumatlarına əsasən söyləyə bilərik.

Ağdam rayonun işğaldan azad edilməsi ilə yeni iqtisadi təşəbbüsləri özündə canlandırır. Rayon ərazisi bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının və aqroparkların yaradılması, sənaye məhəlləsinin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş perspektivləri özündə əks etdirir. Ağdam rayonu ticarət mərkəzinin də formalaşması üçün unikal perspektivə malikdir. Topdan və pərakəndə ticarət məntəqələrinin fəaliyyətə başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək mümkündür. Habelə, rayon ərazisi tikinti materiallarının istehsalı ilə əlaqədar keçmiş təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən daş karxanasının işinin bərpa edilməsilə sözügedən sektorda canlanmanı bərpa etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə