Dövlət tərəfindən maddi dəstək kimlərə şamil ediləcək? ÖZƏL - MÜNASİBƏT

"Dəstək proqramında müxtəlif istiqamətlər və qeydiyyatda olan işçilərlə bağlı təşviq paketləri var. Belə ki, təxminən 300 minə yaxın özəl sektorda çalışanlara dəstək proqramı açıqlanacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli Azərbaycanda koronavirusla mübarizə fonunda əhaliyə ayrılacaq adambaşına düşən maddi dəstəyin kimlərə şamil ediləcəyi və burada yaş məhdudiyyətinin olub-olmayacağı ilə bağlı danışarkən deyib.

Məsələni şərh edən iqtisadçı bildirib ki, ilkin açıqlanan dəstək proqramında qeydiyyatda olan işçilərlə bağlı təşviq paketləri mövcuddur: "Hazırda ilkin açıqlanan dəstək proqramında müxtəlif istiqamətlər və qeydiyyatda olan işçilərlə bağlı təşviq paketləri var. Belə ki, təxminən 300 minə yaxın özəl sektorda çalışanlara dəstək proqramı açıqlanacaq. Dövlət sektorunda çalışan 917 min insan var hansı ki, onlar büdcədən maliyyələşirlər. Bu şəxslərlə bağlı dövlət dəstək proqramında heç bir dəstək paketi nəzərdə tutulmur. Yəni, onların əmək müqavilələrində nəzərdə tutulan qaydada ödənişləri eyni ilə davam edəcək. Eyni zamanda təqaüdçülərlə bağlı hələ ki, heç bir dəstək paketi ilə bağlı məlumat yoxdur. Azərbaycanda 1 milyon 300 min təqaüdçü var. Həmçinin, onların da təqaüdlərinin vaxtı-vaxtında ödənilməsi ilə bağlı qərar var.

Hələlik, yardım ala biləcək şəxslərin ancaq rəsmi qeydiyyatda olan hissəsi ilə bağlı qərar var. Əmək müqaviləsi olan və fəaliyyəti məhdudlaşdırılmış sahələrdə çalışanların dövlət tərəfindən maaşlarının ödənilməsi proqrama daxil edilib. Hamıya da məlumdur ki, ölkədə müqaviləsiz və ya muzdla çalışan 100 minlərlə insan var. Belə desək, təxminən 1,5 milyona yaxın bu tipli işlərdə çalışan insanlar var. Onlarla bağlı hələ ki, proqramda bir maddə yoxdur".

Maddi dəstəyin bütün yaş qrupları və bütün şəxslər üçün keçərli olma ehtimalından danışan Natiq Cəfərli əlavə edib ki, əslində maddi dəstək bütün vətəndaşlar üçün nəzərdə tutulur və yaş qrupu məsələsində ABŞ-ın təcrübəsindən misal gətirib: "Amerika Birləşmiş Ştatlarında bütün əhaliyə maddi dəstək ayırılıb. Bütün vətəndaşlara 1200 dollar həcmində maddi dəstək ayırılıb. Lakin, 18 yaşına çatmış və 18 yaşına çatmamış şəxslər arasında müəyyən bir bölgü aparılıb. Bununla bağlı ödəniş məbləğinə bir fərq qoyulub və 18 yaşından aşağı olanlara 1200 dollar deyil, 500 dollar civarında yardım olunub. Bu bütün ailə üzvlərinə şamil edilib".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə