Energetika Nazirliyinə 2094 müraciət daxil olub

2020-ci ilin birinci rübü üzrə Energetika Nazirliyinə və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı ilə bağlı 2094 müraciət daxil olub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, müraciətlərin 1512-si elektrik enerjisi, 299-u təbii qaz təchizatı, 6-sı istilik enerjisi ilə bağlı məsələləri əhatə edib. Digər məsələlər üzrə 208, təşəkkür xarakterli isə 69 müraciət daxil olub. "Çağrı mərkəzi" tərəfindən qəbul edilən zənglərdən 21-ni Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər təşkil edib.

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində (20-28 mart) nazirliyin "Çağrı mərkəzi" və "Qaynar xətt"i gücləndirilmiş iş rejimində vətəndaşlara fasiləsiz xidmət göstərib. Vətəndaşların müraciətlərinin qəbulunda və baxılmasında fasiləsizliyin təmin edilməsi üçün həm Energetika Nazirliyi, həm də Agentlikdə əlaqələndirici şəxslər ayrılıb, EMTA filialları üzrə isə növbətçilər təyin edilib. Bu müddətdə Energetika Nazirliyinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 58 müraciət daxil olub və onların həlli üçün müvafiq tədbirlər görülüb. Müraciətlər əsasən elektrik enerjisi və təbii qaz təchizatı, sayğaclaşma, təşəkkür, işlə təminat və digər məsələlərlə bağlı olub. "Çağrı mərkəzi" vasitəsilə nazirliyə daxil olan zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə 17 mart 2020-ci il tarixindən etibarən vətəndaşların müraciətləri Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən yalnız elektron və telefon rabitəsi vasitəsilə qəbul edilir.

Xüsusi karantin rejiminin davam etdiyi müddətdə vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrələri, (012) 598-16-55 "Qaynar xətti""974" Çağrı mərkəzi", eləcə də www.minenergy.gov.az internet səhifəsi, minenergy@minenergy.gov.az office@regulator.gov.az elektron poçt ünvanları vasitəsilə Energetika Nazirliyinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ünvanlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə