Taksilərin taleyi necə olacaq? - ARAŞDIRMA

Taksilər dünyanın hər yerində ictimai nəqliyyatın alternativ növü kimi mühüm rol oynayır. Bu gün taksi xidməti Bakı şəhərində ölkənin digər iri şəhərlərində olduğu kimi əlçatanlığı ilə fərqlənir. Taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə mühüm islahatlara başlanılıb.

Nazirlər Kabineti taksi minik avtomobilinə dair tələblər müəyyənləşdirib. Tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:

- sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;

- taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;

- gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.

Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günə qədər də var idi.

Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı bir ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır.

Taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Bəs yeni qərara əsasən, müəyyən edilmiş tələblər hansı dəyişikliklərə səbəb olacaq? Ümumiyyətlə, bu tələblər taksi sahəsində fəaliyyət göstərənlər üçün hansı çətinliklər yarada bilər? SİA mövzu ilə bağlı araşdırma aparıb.

İlk növbədə gəlin görək ölkəmizdə taksi fəaliyyəti üçün ən çox hansı avtomobillərə üstünlük verilir. Aparılan analizlərə əsasən, Azərbaycanda fəaliyyət göstərən sürücülər kompakt avtomobillərə üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə “Opel Astra” və “Toyota Prius” yüksəlib. Taksi sürücülərinin ən sevimli avtomobilləri arasında “Mercedes C-class” modeli ilk üçlüyü tamamlayıb.

Populyar avtomobillərin tam reytinqi bu cürdür:

“Opel Astra” - 13%;

“Toyota Prius” - 12%;

“Mercedes C-class” - 5%;

“KIA Rio” - 4%;

“Mercedes E-class” - 3%;

“Toyota Corolla” - 3%;

“KIA Ceed” - 2%;

“Chevrolet Cruze” - 2%.

Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərindən narazılıqların olması da heç kimə sirr deyil. Bu şirkətlərdən biri də “UBER”dir. 2009-cu ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yaradılmış və hazırda dünyanın 70-dən çox ölkəsinin 600-dən çox şəhərində, o cümlədən Azərbaycanda və Bakıda xidmət göstərən mobil inteqrasiyalı taksi sifarişi xidməti - “UBER”in fəaliyyətindən əksər ölkələrdə narazılıqlar artmaqdadır. Bir çox ölkələr sözügedən rəqəmsal xidmətin fəaliyyətindəki qanunsuzluqları əsas götürərək məhkəmə qərarları ilə müəyyən fəaliyyətlərini məhdudlaşdırırlar.

Böyük Britaniya hökuməti son 3-4 ildə bu şirkətin lisenziyasını bir neçə dəfə ləğv edib. “Uber”in lisenziyasız və sığortası olmayan sürücüləri kütləvi şəkildə taksi xidmətinə cəlb etdiyinə görə, təhlükəsizlik məsələlərinə qeyri-ciddi yanaşması və ictimai təhlükəsizliyə xələl gətirməsi əsas götürülərək fəaliyyəti yolverilməz hesab edilib.

Avstriya hökuməti bir neçə il əvvəl “Uber” şirkətinin Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Vyana Ticarət Məhkəməsi şirkətin sərnişindaşımada peşə fəaliyyətini sistemli şəkildə pozulması faktları əsasında qərar çıxarıb.

Belçika kommersiya məhkəməsi də “Uber”i Brüsseldə qanunsuz xidmətlərdə və paytaxt Brüsseldə qeyri-peşəkar sürücüləri ucuz xidmətə cəlb etdiyi üçün cəzalandırıb. Bu kimi faktlar əsasında sözügedən şirkətin Brüsseldə taksi xidməti qadağan edilib.

Türkiyə hökuməti də “Uber”in fəaliyyətində ciddi nöqsanlar aşkar edib. İstanbul 10-cu Asliye Ticarət Məhkəməsinin qərarına əsasən, 2019-cu ilin sonunda “Uber” xidmətlərinin dayandırılıb, “www.uber.com” və “Uber mobil” proqramlarına və “Uber XL” xidmətinə giriş bloklanıb.

Elə Azərbaycanda da bu şirkətlərin qanunsuz fəaliyyəti az deyil. Reallıq bundan ibarətdir ki, “Uber”in son illərdə fəaliyyəti daha çox qazanc əldə etməyə yönəldiyindən sərnişinlərin təhlükəsizliyi arxa plana keçib, daşımalarada risk faktoru xeyli artıb. Hara baxırsan, hər kəs taksi proqramına qoşulub, bu işlə məşğul olur. Amma görünən odur ki, hər kəs taksi fəaliyyəti ilə məşğul olmağı bacarmır.

İndi isə keçək əsas məsələyə... Taksi fəaliyyətini tənzimləmək üçün qoyulan yeni tələblər cəmiyyətdə necə qarşılanacaq?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev fikirlərini bildirib: “Taksi fəaliyyəti sahəsində uzun sürən problemlər, çətinliklər və anarxiyadan sonra artıq deyə bilərik ki, bu sahədə islahatlara start verilib. Ümid edirəm ki, bu islahatlar ciddi mənada dəyişikliklər yaradacaq. Nazirlər Kabinetinin imzaladığı qərara əsasən həm taksi fəaliyyəti sahəsində, həm də digər müntəzəm sərnişin daşımaları sahəsində müəyyən tələblər ortaya qoyulub. Təbii ki hər zaman islahatlar aparıldığı zaman bu islahatların nəticəsindən razı qalan və qalmayanlar olur.

Təbii ki, taksi istifadəçiləri burada tətbiq edilən qaydalar və tələblərdən razı qalacaqlar, çünki taksi kimi istifadə olunacaq nəqliyyat vasitələrinin keyfiyyəti yüksələcək. Özü-özlüyündə bu tələblər və onların 2024-cü il iyul ayının birindən qüvvəyə minməsi isə taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və ya fiziki şəxslər üçün əlbəttə ki, müəyyən çətinliklər yaradacaq.

Çətinliklər o olacaq ki, məsələn, tələblərə əsasən taksi avtomobilləri yalnız ağ və ya qırmızı rəngdə olmalıdır, minimum “Avro-5” standartına cavab verməlidir, istehsal tarixi 15 ildən çox olmamalıdır. Bu tələbatın hazırda taksi fəaliyyəti göstərən əksər nəqliyyat vasitələrində mövcud olmaması sirr deyil. Bu isə o deməkdir ki, yenidən taksi fəaliyyəti ilə məşğul olmaq üçün istər fiziki sahibkarlar, istər taksi şirkətləri, qısa müddət ərzində bu tələblərə cavab verən avtomobilə sahib olmaq üçün mövcud avtomobillərini ya satmalıdırlar, ya dəyişdirməlidirlər, ya rəngləməlidirlər və s. Bu da müəyyən xərclər yaradacaq”.

Bəs, Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərardan sonra ölkəmizdə nələr baş verib?

Bakıda "Prius"lar kütləvi şəkildə satışa çıxarılır

Taksi xidməti ilə bağlı yeni qəbul olunan qərardan sonra bəzi sahibkar və şirkətlər avtomobil parkını yeniləməyə başlayıblar. Artıq köhnə və sıxınıq-salxaq "Toyota Prius" markalı avtomobillərin istismarına son qoyulur və internet üzərindən satışa çıxarılır.

Azərbaycana taksi fəaliyyəti üçün çoxlu avtomobil gətirilib

Taksi şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur. Bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb.

Videonun şərh bölməsində həmin avtomobillərin “karşerinq” xidməti üçün istifadə ediləcəyi bildirilib. Nəzərinizə çatdıraq ki, “Karşerinq” xidməti ilə vətəndaş avtomobili kirayə olaraq götürüb A nöqtəsindən B nöqtəsinə gedir.

Bəs, "Prius"ların gələcək aqibəti necə olacaq? Qiymətlərində hansı dəyişiklik gözlənilir? Ümumiyyətlə avtomobil bazarı bu qərardan necə təsirlənəcək?

Nəqliyyat eksperti Eldəniz Cəfərov ətraflı məlumat verib: Bu qərarın avtomobil bazarına təsir edəcəyindən danışmaq hələ tezdir. Bu qərardan asılı olmayaraq aprel ayından avtomobil qiymətlərinin 3 faiz bahalaşacağı gözlənilir. Bu artım iri avtomobil sənayeçiləri ilə bağlıdır. Daşınma qiymətləri və ehtiyat hissələrinin bahalaşması burada öz təsirini göstərir.

Məlum qərar hazırda avtomobil bazarına təsir etməyəcək. Gələcək günlərdə “Toyota Prius” markalı avtomobillərin qiymətinin dəyişəcəyi də o qədər real görünmür.

Azərbaycana idxal olunan avtomobillərlə bağlı Nazirlər Kabinetinin qərarı var. Keçən ildən tətbiq olunan qaydaya əsasən, yaşı 10 ildən yuxarı olan avtomobillərin idxalı məhdudlaşdırılıb.

Təkcə “Prius”lar deyil, yaşı 15-dən yuxarı olan digər markalı avtomobillər də taksi bazarını tərk etmək məcburiyyətində qalacaqlar. Gələcəkdə taksi fəaliyyətində yaşı 8-dən yiuxarı avtomobillərdə istismar olunmayacaq.

Fikrimcə, taksilərlə bağlı avtomobil bazarında qiymət dəyişikliyinə təsir edəcək minimal şərtlərdir. Bazara təsir edən və qiymətlərin dəyişməsinə səbəb olan amillər başqadır”.

Yeni qaydaları pozanları hansı cəzalar gözləyir?

Köhnə avtomobillə taksi sürmək qanuni şəkildə fiziki olaraq mümkün olmayacaq. Bu olsa qanunsuz fəaliyyət hesab olunacaq. Köhnə avtomobil sahibinə fərqlənmə nişanı, sertifikat, taksi buraxılış kartı verilməyəcək. Taksi fəaliyyətilə qanunsuz məşğul olmağa görə isə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur.

Qanunsuzluğu pozan sürücülərlə işləyən taksi operator və şirkətləri üçün isə daha böyük məsuliyyət nəzərdə tutulub. Qanun hüquqi şəxslərin üzərinə daha ağır məsuliyyət qoyub. Onlar ilk dəfə baş verən pozuntuya görə 20 min, ikinci pozuntu fonunda isə 40 min manatadək cərimələnəcəklər. Qəbul olunan qanunun əsas mahiyyəti qanunun işləməsi və vətəndaşlara faydasının olmasına hesablanıb.

Yeni qərarla bağlı AYNA da münasibət bildirib və qərarın çox düzgün bir addım olduğunu qeyd edib: “Bu qərar bazarda taksi xidmətinin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Həm taksi, həm avtobuslar ictimai nəqliyyatın bir növüdürlər.

Səfərlər taksilərdən ictimai nəqliyyata ötürüləcək. Bu, hədəflərimizdən biridir və şəhərdə tıxacın azalmasına səbəb olacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə