Mərkəzi Bank tədavülə yeni yubiley pul nişanı buraxıb

Cari ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaranmasının 30 ili tamam olur. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkəmizdə idmanın inkişafında və müasir gəncliyin formalaşmasında müstəsna rola malik olan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə tədavülə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı buraxılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, AMB-dan bildirilib ki, yubiley pul nişanı “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli Sərəncamından irəli gələrək hazırlanıb və buraxılış limiti 200 ədəd olmaqla Milli Olimpiya Komitəsinin sifarişi əsasında müəyyənləşdirilib. Bu pul nişanlarının Milli Olimpiya Komitəsinə satışı təmin olunub. Yubiley pul nişanının çəkisi 1 troy unsiya 31,1 qram, diametri 38,61 millimetr təşkil edir. Pul nişanı Almaniyanın “Bavarian Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib. Yubiley pul nişanının əsas dizayn elementləri kimi ön tərəfində “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi”, “30”, “1992-2022” yazıları, olimpiya məşəlinin və eləcə də digər idman simvollarının təsviri, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri və nominalın rəqəmi əks olunub. Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə