1 Aprel haqqında nə bilirik? - ARAŞDIRMA

İnsanları güldürmək və ya əylənmək məqsədilə qarşı tərəfi incitmədən edilən jest və ya danışıq zarafat adlanır. 1 apreli də dünyada “axmaqlar günü” adlandırırlar. Belə ki, bu gün hər kəsə sürpriz hədiyyələr verib, həqiqəti əks etdirməyən xəbərlər yayıblar. Fransızlar isə 1 apreli öz mədəniyyətlərinin bir hissəsi kimi görməyə davam edirlər. Oradan da bu zarafat günü kimi bütün dünyaya yayıldı.

Aprel zarafatı necə yarandı?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bu barədə ən geniş yayılmış məlumatlardan biri müsəlman qırğını ilə bağlıdır. XV əsrin sonlarında xristian ordusu Əndəlüs müsəlmanlarının son qalasını mühasirəyə alır. Uzun sürən savaşda müsəlmanlar qəhrəmancasına döyüşürlər. Düşdüyü vəziyyətin çətinliyini anlayan xristian ordusunun komandanı hiyləyə əl atır. 31 mart gecəsi bir əlində Quran, digər əlində İncil qalanın önünə gələrək "bu iki kitaba and içirəm ki, təslim olsanız, bu axşam sizə heç bir şey etməyəcəyəm", - deyir.

Mühüm görüşlərdən sonra canlarının qurtulması qarşılığında müsəlmanlar qalanı xristianlara təslim edirlər. Səhər, yəni aprelin 1-i xristian komandan bütün müsəlmanların öldürülməsi haqda əmr verir. Ona verdiyi sözü xatırladan müsəlmanlara "mən dünən axşam üçün söz vermişdim, bu gün üçün deyil", - deyir və onları edam etdirir. O gündən bəri aprelin 1-i xristianlar arasında "Hiylə - aldatma" günü kimi qeyd olunur.

Başqa bir rəvayət isə Fransa kralı ilə bağlıdır. Deyilənə görə, 1564-cü ildə Fransa kralı IX Çarlzın qərarı ilə ilin başlanğıcı aprelin 1-dən deyil, yanvarın 1-dən hesablanmağa başlandı. Əhalinin bir qismi bu qərara uymadı və yeni ili aprelin 1-də keçirməyə davam etdi. Həmin dövrdə yeni ili məhz aprelin 1-də qeyd edənlərə "Aprel balığı" deyirdilər.

Bir çoxları isə bu bayramı Qədim Roma tarixi ilə bağlayır. O dövrdə Romada fevralın 17-si "Səfehlər bayramı" kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrincə, bu ənənə Qədim Hindistanda meydana gəlib. Hindistanda martın 31-i "Gülüş günü" kimi tarixə düşüb.

Aldatma günü ilk dəfə qədim Romalıların Hilaria festivalında və hindlilərin Huli festivalında görülüb.

1 aprel hansı ölkələrdə var?

1 aprel zarafatı ilə bağlı müxtəlif mədəniyyətlərdə, inanclarda və dillərdə rəvayətlər mövcuddur. 1 aprel və ya aprel balıqları dünyanın bir çox yerində, o cümlədən Hollandiya, Belçika, Kanada, ABŞ, İsveçrə, Yaponiyada tanınır. 1 aprellə bağlı başqa bir əfsanə bütpərəstlik mədəniyyətində aprelin 1-də qeyd olunan Fous bayramıdır.

Aprel zarafatı günahdır?

Fərqli mədəniyyət və inanclara əsaslanan vərdiş olan 1 aprel birbaşa xristianların adəti deyil. Ona görə də haram sayılmır. Lakin bu vərdiş haramdır, çünki yalan yalanla edilən zarafatların əsasını təşkil edir.

Yalan danışmaq günahdır?

Peyğəmbərin hədisi ilə bu qadağan edilmişdir. Yalana oxşadığına görə ciddi məsələ ilə bağlı zarafatlar haramdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə: “Aprelin 1-i bütün dünyada Gülüş Günü kimi qeyd olunur. Hesab edilir ki, bu ənənə Fransada yaranıb. Amma hələ qədim romalılar 17 fevralı “Axmaqlar bayramı” kimi qeyd edirdilər.

Bu tarixin yaranmasının müxtəlif ehtimalları var. Ehtimal olduğundan buna çox vaxt ayırmayaq. Yaxşısı budur, bu tarixdə hansı məşhur zarafatlar olub, ondan danışaq.
1957-ci ildə BBC-nin ən maraqlı xəbər proqramı olan "Panorama" havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Zənglərə cavab verən TV işçiləri BBC-də zəng edənlərə tam ciddi şəkildə "bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin" məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub.
1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.

Təqvimin bu günündə baş verən başqa tarixi faktları da unutmayaq:

1 aprel 1924-cü il Münxen çevriliş cəhdinə görə nasist lideri Adolf Hitler 5 il həbs cəzasına məhkum edilib.

1979-cu ilin 1 aprel tarixində inqilab rəhbəri Xomeyni İranı İslam ölkəsi elan edib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə