Bu ilin 11 ayı ərzində İstanbulun bütün hava limanlarından 95 milyondan çox sərnişin istifadə edib

Bu ilin 11 ayı ərzində İstanbulun bütün hava limanlarından ümumilikdə 95 milyon 988 min 89 sərnişin istifadə edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 235 min 632 nəfər artıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Dövlət Hava Limanları Təşkilatı Baş İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, bu ilin aprel ayından etibarən yalnız karqo və diplomatik uçuşlar həyata keçirən Atatürk Hava Limanından 11 ay ərzində 16 milyon 72 min 534 nəfər istifadə edib.

Hər il sərnişin sayı artan Sabiha Gökçən aeroportu vasitəsilə isə bəhs edilən dövr ərzində 32 milyon 627 min 798 nəfər yararlanıb.

Ötən il oktyabrın 29-da rəsmi açılışı olan və bu ilin aprel ayının 6-dan etibarən tam fəaliyyətə keçən İstanbul Hava Limanı vasitəsilə bu ilin ilk 11 ayı ərzində səyahət edənlərin sayı isə 47 milyon 297 min 757 nəfər təşkil edib.

Bu zaman ərzində İstanbulun hava limanlarından ümumilikdə 646 min 924 səfər həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu aeroportlardan həyata keçirilən uçuşların sayı 4 min 908 reys artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə