18 Sentyabr Üzeyir Musiqi Günüdür ŞƏRH

Üzeyir musiqisi yenidən Şuşada eşidilir

Bu gün Azərbaycan bütün dünyaya öz musiqisi ilə səs salıb. Sərhədsiz dünyaları aşan Azərbaycan musiqisini belə bəşəri edən böyük simaları, dahi sənətkarlarıdır. Milli və klassik musiqimizin Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Rəşid Behbudov kimi böyük klassikləri milli irsimizə iz salaraq sənət tariximizi zənginləşdirməklə yanaşı, onun dünyada tanınmasında da rol oynamışlar. Böyük sənətkarlar sırasında adı dünyada tanınan dahi bəstəkar Üzeyir Hacıbəylinin bəşər musiqi xəzinəsinə bəxş etdiyi nadir nümunələr böyük məhəbbətlə qarşılanır. Qeyri-adi istedadı ilə tanınan Üzeyir Hacıbəyli yaradıcılığı yüksək qiymətləndirilir. Əbəs yerə deyil ki, sentyabrın 18-də ölkəmizdə Üzeyir Musiqi Günü qeyd olunur. 1995-ci ildə həmin gün dövlət statusu alır. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə hər il 18 Sentyabr Üzeyir Musiqi Günü kimi qeyd olunmağa başlandı. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Dahi bəstəkar Azərbaycan Dövlət Himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı, məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, həmçinin, tədbirlər bu himnin sədaları altında başlayır. Belə bir zəngin irsin müəllifinə çevrilən Üzeyir Hacıbəylini doğum günündə Azərbaycanda musiqi günü keçirilir. Üzeyir dünyası xatırlanır və vərəqlənir. Belə bir irsin yaradıcısı böyük bir sevgi ilə yad olunur. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur. Bu il də müxtəlif səpgili tədbirlər keçirilir və bu davam etdirilir.

Ölkəmizdə Üzeyir Musiqi Günlərinin ənənə halını alması xalqımızın qədirbilənliyidir. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə belə bir təntənəni yaşadan Üzeyir Hacıbəyli sənət və həyat yolunun məsafəsində bu ömrün yazılmış maraqlı səhifələrini oxuyuruq. Kənd mirzəsi ailəsində doğulmuş sənətkarın daim sənətə doğru olan addımları onun dünyaşöhrətli bir sənətkar kimi yetişməsinə səbəb olmuşdur. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Bu bəstəkarın dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.

Ü.Hacıbəyli Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni nəşr etdirmişdir. Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.

Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyli operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında yazmışdır. Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Harun və Leyla" muğam-operaların liberettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. Ü.Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəylinin yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını, məhz burada yaratmışdır. Hacıbəyli 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir.

Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. Ü.Hacıbəyli həm də böyük musiqişunas-alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış və tədqiqatlar aparmışdır. Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən, Ü.Hacıbəyli yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.

44 GÜNLÜK MÜHARİBƏ ZƏFƏRİ BİZİ MUSİQİ BEŞİYİMİZƏ QOVUŞDURDU

Bu gün 30 ilə yaxın bir zamanda işğal altında olan torpaqlarımız azad olunmuş və böyük sənətkarların da ruhu azad nəfəs alır. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edildi. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində tarixi-dini abidələrimiz, tarixi şəxsiyyətlərin ev muzeyləri və s. təmir və bərpa olunur. Bu sırada Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlandı və heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradıldı. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəlləri bu gün artıq Şuşaya qaytarılıb. "Güllələnmiş heykəllər" Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Şuşaya aparıldı və dövlət başçısı heykəllərin açılışında iştirak etmişdir.

Qeyd edək ki, 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub. Əsasən, Bakı şəhərində təşkil olunacaq festivalın zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alacaq. Bundan əlavə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması nəzərə alınaraq, builki festivalın ilk konsertlərindən biri də məhz Şuşa şəhərində keçiriləcək. Eyni zamanda, sayca XIII olan bu festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb. Builki festival çərçivəsində həmçinin ilk dəfə olaraq "Üzeyir sənətinin gənclik sədaları" adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...