Təbiətə və insan sağlamlığına qarşı plastik terrora son – ARAŞDIRMA

Ekspertlər plastik və polietilen paketlərə qarşı qadağaların tətbiqini alqışlayır və ənənəvi əvəzedicilərin tətbiqini məqbul sayır

Polietilen paketlərin və plastik qabların istehsalı təxminən 40 il əvvəl başlanıb, lakin biz onlardan geniş istifadəyə SSRİ-nın dağılmasından sonra başladıq. 90-cı illərədək ekoloji təmiz kağız və parça torbalar, şüşə və karton qablar istifadə olunurdu. İndi isə hər şeyi polietilen torbalarda və ya plastik qablarda alırıq. Mağazalarda təklif edilən məhsulların demək olar ki, 99%-i polietilen və plastik qablaşdırmadadır. Lakin 2021-ci ildən etibarən bu sahədə vəziyyət dəyişir...

Azərbaycanda polietilen və plastik erası başa çatır

Bu il yanvarın 1-dən etibarən polietilen torbaların istifadəsinə qadağa qüvvəyə minib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, iyulun 1-dən etibarən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istifadəsinə qadağa qüvvəyə minir.

Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək.

Məcəllənin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, bu ildən etibarən Avropa İttifaqı ərazisində də yemək qabları, qəhvə çubuqları da daxil olmaqla birdəfəlik istifadə olunan plastik məhsulların qadağan edilməsi ilə bağlı qanun qüvvəyə minir. Qadağanın tərəfdarları deyir ki, plastiklər okeanların və şəhərlərin zibillərlə çirklənməsinin əsas mənbəyidir, onların həll olunması ilə onillər apara bilər.

Polietilen torbalardan imtina edən ölkələr getdikcə çoxalır

Hər il dünyada 1 trilliona yaxın sellofan torba istehsal edilir. Hər 1 dəqiqədə isə 2 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün təxminən 5-6 yüz il lazım gəlir. Bu torbaların və plastik qabların təbiətə vurduğu zərərin həcmi hesaba gəlməyəcək qədər çoxdur.

Qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir. Cənubi Afrikada sellofan torbalara ironiya ilə “milli çiçək" adı verilib, çünki ölkənin hər yerində hər addımbaşı bu torbalar səpələnib. Banqladeşdə 1988 və 1998-ci illərdə baş verən dağıdıcı leysanın nəticələrinin ağır olmasının səbəbi məhz sellofan torbalarda görülür. Çünki ölkədəki bütün kanalizasiya xətlərinin qabağını bu torbalar kəsərək suyun sürətli axışını ləngidib. 1998-ci ildən bəri Banqladeşin paytaxtında polietilen torbalar qadağan edildi və alternativ variantlar istifadə edildi.

Karib dənizində isə plastik və polietilen zibillər ucsuz bucaqsız “dəniz” əmələ gətirib. Hesablamalara görə, dünya okean və dənizlərindəki hər 100 canlıdan 40-nın mədəsində plastik kütlə var.

İndi dünya ölkələrində bu prosesi yavaşlatmaq və dayandırmaq üçün müəyyən tədbirlər də görülür. İngiltərə, Hindistan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bu kimi bir çox ölkələrdə sellofan-plastik-polietilen torbaların istifadəsinə icazə verilmir. Gürcüstan da 2020-ci ildən bu məhsulların qadağan edilməsinə qərar verib.

Sosioloq: “Bu məhsullar həm insanı, həm təbiəti məhv edir”

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı deyir ki, təxminən 10-15 dəqiqə istifadə etdiyimiz paketlərin təbiətdə bir neçə əsr çürümədiyini nəzərə alsaq, tezliklə qlobal ekoloji böhranın yaranacağını gözləmək lazımdır: “Bu torbaların və qabların bəzi növlərinin qalıqlarının tamamən yox olması üçün ən az 1000 il lazım gəlir. Bir çoxları düşünə bilər ki, bu paketlər də istehlak edildikdən sonra geri qaytarıla və yenidən istehsal edilə bilər. Doğrudur, bu, mümkündür, amma geri qaytarılan torbalar istehlak edilənin 1%-ni təşkil edir, 99% sellofan torba yenə də təbiətə atılır. Ayrıca təkrar istehsalı daha da təhlükəli və zərərli olur”.

Sosioloqun sözlərinə görə, təbiətə atılmış polietilenlər isə çürüməyə başladıqdan sonra ətrafa zərərli kimyəvi maddələr yayır və bu maddələr torpağa, suya qarışaraq qida zəncirimizi yavaş-yavaş çirkləndirir: “Dənizləri, gölləri, çayları eybəcər hala salır, kanalizasiyaları tıxayır, yollarda sellofan torbalar uçuşur. Bu ultrakimyəvi tullantılar suyu, torpağı və havanı zəhərləyir. Adi qaydada atıldıqda torpağı, suyu, yandırıldıqda isə havanı zəhərləyir. Ən böyük zərəri isə insan sağlamlığına vurur, xərçəngdən tutmuş hər cür xəstəlik yaradır”.

ASAM sədri hesab edir ki, polietilen paket və plastik qab istehsalı neft və təbii qaz kimi bərpa olunmayan təbii enerjinin get-gedə azalmasına və çirkliliyinə gətirib çıxarır. Başqa bir tərəfdən, sellofan torbalar təbiətdə çürümədiyindən onların təmizlənməsi üçün xeyli xərc çəkilir.

Ekoloq: “Bu torbada saxlanan qidaların vitaminləri məhv olur”

Polietilen torbalardan imtina etdikdən sonra bir alternativə ehtiyacı var, bəs bunu necə etməli? Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev deyir ki, daha sərfəli variant elə keçmişdəki kimi kağız və parça torbalardan istifadədir: “Xatırlayırsinizsa, bu torbaların istehsalından əvvəl bazar dükana tor halında hörülmüş torbalarla, parça torbalarla gedilirdi. Dükandan aldığımız ərzaq kağız torbalarda təklif edilirdi. Bir çox sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da polietilen torbalar və plastik qabların istifadəsi qadagan edilməsi təqdirəlayiqdir”.

Ekoloq hesab edir ki, dünyanın səthinin bu günə qədər plastik zibilliyinə dönməməsinin səbəbi, dəniz dibinin zibillik kimi istifadə edilməsidir: “Rusiyada aparılan bir araşdırma zamanı məlum oldu ki, okeanda səfərdə olan gəmilər ildə 4 milyon kiloqram polietilen torbanı dənizə atır. Antarktidadan tutmuş Arktikaya qədər dünyada nə qədər dəniz heyvanı varsa, demək olar ki, hamısının mədəsində plastik tullantılar var. Dənizlərə atılmış sellofan torbaları delfin, fok, balina, çanaqlı bağalar və bu kimi bir çox dəniz heyvanları yemək sanıb yeyirlər. Bu da onların həzm sistemlərinin pozulmasına gətirib çıxarır və ölümlərinə səbəb olur”.

C.Quliyev deyir ki, bu torbalar içərisində saxlanan bütün növ qidaların vitaminlərini də məhv etmə gücünə malikdir, ona görə də, ərzaq məhsullarını qəti şəkildə belə paketlərə və qablara qoymaq olmaz.

Həkim: “Polietilen torbalar dəri xəstəlikləri yaradır”

Həkim-dermatoloq Sənubər Xankişiyeva isə bildirir ki, bu torbalar insanın immun və əsəb sisteminə olduqca ciddi və mənfi təsir göstərir: “Polietilen torbaların insan orqanizmi üçün zərərli olduğu danılmazdır, çünki bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. Sellofan torbalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Xüsusən də dəri xəstəlikləri”.

Həkim deyir ki, əgər onlardan imtina edə bilmirsinizsə, o zaman onlardan yararlanarkən əvvəlcə etiketinə baxın - yeyinti, yoxsa sənaye məhsulları üçün nəzərdə tutulması barədə qeydə fikir verin: “Ola bilər ki, istifadə etdiyiniz polietilen torbadan hər hansı qoxu gəlir, rəngi əlinizə çıxır, o zaman torbadan birdəfəlik imtina etmək lazımdır. Yaxşı olar ki, parça, kağız, şüşə materiallardan olan paket və qablardan istifadə edəsiniz”.

Sorğu: Əhali bu dəyişiklə bağlı nə düşünür?

Yeri gəlmişkən, Sağlam Cəmiyyət Hərəkatı polietilen torbalarla bağlı sorğu keçirib, nəticə çox maraqlı olub. Respondentlərə “Alış-verişdə hansı torbalardan istifadə edirsiniz?” sualı ünvanlanıb. Soğruda iştirak edən 49 nəfərdən 44-ü polietilen-sellofan torbalardan istifadə etdiyini deyib, 2 nəfər parça torbadan, 1 nəfər kağız torbalara üstünlük verdiyini bildirib. İştirakçıların 95 faizi sellofan paketlərin və plastik qabların qadağan olunmasına tərəfdar çıxıb.

Daha uzunömürlü və daha sağlam bir vasitə olan parca və kağız torbaların istehsalı üçün o qədər də çox vəsait tələb olunmur. Həm də bunlar birdəfəlik deyil çoxdəfəlik olduğundan israfçılığın və zibilləmənin qarşısı alınır, həm də ən əsası sağlamlığımız qorunmuş olur.

Bu barədə dəfələrlə həyəcan təbili çalışıb, ictimai müzakirələr aparılıb, nəhayət ki, bu problem həllini tapır. Leyla Əliyevanın rəhbərlik etdyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi bu sahədə layihələr həyata keçirib. Təşkilat Azərbaycanda ilk dəfə olaraq bioparçalanan paketlərin istifadəsini reallaşdırır. Adi polietilen paketlərdən fərqli olaraq, bioparçalanan paketlər təbiətə atıldığı zaman asanlıqla çürüyür və torpağa qarışır. Bu işə hökumət səviyyəsində dəstək verilməlidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...