Sumqayıt hadisəsi erməni təcavüzkarlarına bəraət qazandırma vasitəsi idi

26-28 fevral 1988-ci il tarixində Sumqayıt iğtişaşları nəticəsində iyirmi altı erməni və azərbaycanlı öldürüldü. Qeyd etmək lazımdır ki, bu hadisələrin fəal iştirakçılarından biri ermənilərin qətli və onlara qarşı zorakılıqda, ermənilərin yaşadığı rayonlardakı qırğınlarda bilavasitə iştirak etmiş Sumqayıt sakini olan milliyyətcə erməni Eduard Qriqoryan idi. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət şöbəsinin 22 dekabr 1989-cu il tarixli qərarı ilə Qriqoryan 12 il həbs cəzasına məhkum edildi. Məhkəmə Qriqoryanın iğtişaşlar və qırğınların təşkilatçılarından biri olması barədə qərar qəbul etdi. Şahidlər və hadisə qurbanlarının ifadələri göstərir ki, Qriqoryanda ermənilərin yaşadığı mənzillərin siyahısı var idi və o, digər üç erməni ilə birlikdə ermənilərə qarşı özünün şəxsən iştirakı ilə intiqam aktlarına çağırırdı. Onun qurbanları (hamısı erməni) Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi tanımışlar. Əslində erməni rəhbərliyinə geniş anti-Azərbaycan kampaniyasına başlama və Azərbaycana qarşı təcavüzkar addımlara bəraət qazandırma vasitəsi kimi zəruri olan Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış və hazırlanmışdı.

1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı.

"Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı[4]. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub[1]. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi[5]. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb.

Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olmuşdur. Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, "Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu".

Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir.

Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də "ölü zona" adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü. O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi.

Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü".

İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə Azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı. Bu hadisələr məşhur deyimi bir daha təsdiq etdi: "ermənilər üçün ən yaxşı erməni ölü ermənidir". Ermənilər ölmüş və yaxud öldürülmüş həmtayfalarından həmişə məharətlə istifadə edirdilər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhvalruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar. Ermənilər qanlı terror aktlarını davam etdirirdilər.

Dövlət ittihamçısı Qriqoryan üçün ömürlük iş istəsə də bu qəbul olunmayıb. Sumqayıtda keçirilmiş məhkəmə proseslərində azərbaycanlılara qarşı qərəz nümayiş etdirilib. Dövlət ittihamçısının xəstə və hadisələrdə heç bir günahı olmayan Nəcəf Nəcəfalıyev haqda həbs qəti-imkan tədbirin dəyişdirilməsi ilə bağlı təklifi də qəbul olunmayıb və o prosesin gedişində vəfat edib. Digər təqsirləndirilən şəxs Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin qərarı ilə güllələnməyə məhkum edilib. Əhməd Əhmədovun hadisələrin əsas təşkilatçısı olduğunu sübuta yetirmək üçün istintaqçılar həmin gün əynində əslində boz kostyum olmuş Əhmədovdan guya üzərində qan ləkələri olan qara kostyumda olması ilə bağlı ifadə alıblar və bu dəlil kimi məhkəmədə ortaya çıxarılıb. Sumqayıtlılar da Əhməd Əhmədovun cinayətkar olmadığına çoxdan inanır. Onun yaşadığı həyətdə qurulmuş xatirə bulağı xalqın artıq Ə.Əhmədova bəraət verdiyini göstərir.

SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb. Martın 1-dən Sumqayıtda komendant saatı tətbiq olundu.

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.

İstintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülmüşdür. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxmışdır. Ziyalı ailədən olan Taleh İsmayılova isə 15 il iş kəsilmiş, cəzasını "siyasi məhbus" kimi çəkmək üçün Tbilisiyə göndərilmiş, bir ildən sonra meyiti gəlmişdiir.Digər azyaşlı Azər Babayev isə ömürlük yataq xəstəsi olmuşdur.

Vahid Ömərov f.ü.f.d.dos.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...