Xətai rayonunda 2 küçə yenidən qurulur FOTO

Cari ildə Xətai rayonunda 23 kilometrədək küçə və yolun təmiri nəzərdə tutulub ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Belə ki, Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, uzunluğu 1,4 kilometr, ortalama eni təqribən 10 metr olan Məzahir Rüstəmov küçəsində aparılan yenidənqurma və bərpa işləri davam etdirilir. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasının deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bundan başqa, yolboyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür. Layihə çərçivəsində yolboyu xüsusi parkinq yerləri yaradılır, avtobus dayanacaqları qurulur, vətəndaşların küçəni rahat və təhlükəsiz keçməsi üçün piyada keçidlərində xüsusi təhlükəsizlik adacıqları yaradılır. Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənir. Asfaltlanma işləri ümumilikdə təqribən 15 min kvadratmetr sahəni əhatə edəcək.

Analoji işlər İnqilab İsmayılov küçəsində də aparılır. Küçənin uzunluğu 2,9 kilometr, eni isə ortalama təqribən 8 metr təşkil edir. İnqilab İsmayılov küçəsində də köhnə asfat beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasının deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, bunun əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Növbəti mərhələdə isə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Asfaltlanma işləri təqribən 25 min kvadratmetr sahəni əhatə edəcək. Yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Piyadaların rahat gediş-gəlişi üçün yolboyu şərait yaradılır. Belə ki, yeni piyada səkiləri inşa edilir, mövcud səkilər isə bərpa olunur, kənarlarına yeni səki daşları düzülür.

İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək.

Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə investisiya proqramına əsasən cari ildə bərpası nəzərdə tutulan 15 küçə və yolda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...