AMEA-da beynəlxalq yay məktəbinin açılışı olub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda fənlərarası tədqiqatlara həsr olunan beynəlxalq yay məktəbi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbiri İnstitutun direktoru İlham Məmmədzadə açıb.

O, layihənin Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində həyata keçirildiyini bildirib. Direktor Fəlsəfə və Hüquq İnstitutu ilə Fransanın Nitsa Sofiya Antipolis Universiteti (Universite Nice Sophia Antipolis), Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutu (İNALCO – İnstitut National des Langues et Civilisations Orientales) arasında qurulan elmi əlaqələrdən danışıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclərin elmə marağını artırmaq məqsədilə görülən işlərdən söz açıb. Layihə çərçivəsində azərbaycanlı tədqiqatçıların fransız alimlərin məruzələrindən faydalanacağını dilə gətirib.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye son illər Fransa ilə Azərbaycan arasında beynəlxalq əlaqələrin inkişaf etdiyini vurğulayıb. O, bu ildən etibarən, Fransada təhsil alacaq azərbaycanlı tələbələrin sayında artım gözlənildiyini diqqətə çatdırıb.

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, müxbir üzv Teymur Kərimli yay məktəbində müzakirə olunan mövzunun aktuallığını qeyd edib. Bildirib ki, layihə Beynəlxalq Bakı Humanitar Forumuna hazırlıq xarakteri daşıyır.

Nitsa Sofiya Antipolis Universitetinin Hüquq və İctimai elmlər fakültəsinin dekanı Kristian Vallar tədqiqatçıların elmi araşdırmalar aparması və humanitar elmlərə dərindən yiyələnməsi üçün ali məktəbdə yaradılan şəraitdən danışıb. Fransada təşkil olunan beynəlxalq elmi konfranslarda azərbaycanlı alimlərin iştirakını xüsusi vurğulayıb.

Tədbirin davamında Kristian Valların mühazirəsi dinlənilib. O, Azərbaycanın İtaliyadakı fəxri konsulu Marqarita Kosta ilə birgə alimlərin suallarını cavablandırıb.

İlham Məmmədzadə "Multikulturalizm və fənlərarası tədqiqatlar məsələsinə dair", Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri İsaxan Vəliyev isə "Vicdan azadlığı hüquqi müstəvidə" adlı məruzələri ilə çıxış ediblər.

Qeyd edək ki, beynəlxalq yay məktəbi sentyabrın 11-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə