Gülağa Tənha: "İlk şeirimi 7-ci sinifdə oxuyan bir qıza həsr etmişdim" MÜSAHİBƏ

Gülağa Tənha adı ilə tanınan azərbaycanlı şair və iş adamı Gülağa Qəmbərov 1959-cu ilin mayın 20-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri İnstitutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Əfqanıstan müharibəsi iştirakçısıdır. "Gülağa Qəmbərov Fondu"nun prezidentidir. Rəhbərlik etdiyi Fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

Respublikamızda idmanın inkişafına qayğı göstərən Gülağa Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir. Bunun üçün o, Türkan və Zeynəb Məmmədyarova bacılarına öz köməyini əsirgəmir. Gülağa Qəmbərov Moskvadakı "Nadejda i pomoş" Xeyriyyə Fondunun da təsisçilərindən biridir. Mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət yetirən xeyriyyəçi, Nizami adına Ədəbiyyat İnstitutunun tarixindən bəhs edən ensiklopedik jurnalın, Bəxtiyar Vahabzadə külliyatının, "Akademik Bəşir Nəbiyev-75" adlı soraq kitabının, "Fikrət Qoca-70 il" kitabının çapını maliyyələşdirib. Xalqın sevimlisinə çevrilən xeyriyyəçi-şair Gülağa Tənha ədəbiyyat və incəsənət sahəsində gördüyü xeyriyyə işlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin "Ədəbi irsin qorunub saxlanılmasında əvəz edilməz fəaliyyətinə görə" yüksək mükafatına layiq görülüb. Şeirlərinə onlarla mahnı bəstələnib və ən məşhur müğənnilər tərəfindən ifa edilib.

Sevilən şair, xeyriyyəçi Gülağa Tənhanın SƏS TV-yə müsahibəsini təqdim edirik:

- Şairlik yaradıcılığınıza nəzər yetirdikdə ən çox tarixi şəxsiyyətlərə müraciət edibsiniz. Bu sizin tarixi kökə bağlılığınızdan irəli gəlirmi?

- Bu gün Azərbaycan tarixinə görə bütün dünyada tanınır. Belə bir atalar deyimi var: "Ot kökü üstə bitər". Əgər bizim kökümüz yoxdursa, deməli biz də yoxuq. Gələcək nəsillər üçün bir şey yadigar qoyub getmiriksə, bizdən əvvəl olan dahi şəxsiyyətlərimizi qorumuruqsa, onların ədəbi irsini layiqincə qiymətləndirmiriksə, deməli bizi də gələcəkdə qiymətləndirməyəcəklər. Hesab edirəm ki, ulu əcdadlarımıza, şairlərimizə və dahi şəxsiyyətlərimizə göstərdiyimiz diqqət və hörməti gələcəkdə bizə geri qaytaracaqlar.

- Bəxtiyar Vahabzadə, Şəfiqə Axundova, Fikrət Qoca və digər tanınmış şəxsiyyətlər haqqında əsərləriniz var. Niyə məhz tanınmışlar?

- Bir çox tarixi şəxsiyyətlərlə görüşlərim olub. İlk görüşüm, məhz Bəxtiyar Vahabzadə ilə olub. Onunla təsadüfi zəngləşdim və görüşmək üçün 15 dəqiqəlik vaxtım var idi. Lakin 15 dəqiqə əvəzinə onunla 7-8 saat danışdıq. Axşamüstü görüşüb səhərə yaxın ondan ayrıldım. O zamana kimi şeirlərimi çap etdirmək fikrim yox idi. Şeirlərimi ancaq özüm, yaxınlarım və dostlarım üçün yazırdım. Onun yanına 96 səhifəlik dəftərlə getmişdim. Həmin dəftərdə çoxlu şeirlərim var idi. Şeirlərin bir çoxunu isə qısa şəkildə yazardım. Misal olaraq, "böyük" sözünü riyaziyyat terminləri ilə yazırdım. İnstitutda məruzədə öyrəndiyim kimi şeirlərin çoxunda işarələr qoyurdum və şeirlərimi məndən başqa demək olar ki, heç kim sona qədər dəqiq oxuya bilmirdi. Ona yazdığım bir şeiri oxuyanda çox təsirlənmişdi. Həmin şeirim budur:

Oğullar vətənə oğul olmasa,

Vətən də itirər vətənliyini...

Bəxtiyar Vahabzadə eynəyini çıxarıb mənə dedi ki, "Gülağa, qardaşım, oğlum sən əsl şairsən", bunu hər adam deyə bilməz. O zamana qədər şeirlərimi hardasa çap etdirməyə çox utanırdım. Sovet hakimiyyəti vaxtında şairlərə qonorar verirdilər. İlk sevgimə, ilk xanıma, müəllim və anama həsr etdiyim şeirləri kiməsə satanda özümü təhqir olunmuş kimi hiss edirdim. Düşünürdüm ki, bununla öz namusumu, bacımı, anamı, vətənimi satıram. Öz şeirlərimi pula çevirib bunun hesabına yaşamağı Bəxtiyar müəllimlə çox müzakirə etdik. Hətta bu məsələdə məndən inciyən kimi də oldu. O mənə dedi ki, Gülağa sən düz demirsən, çünki mən öz şeirlərimi pula çevirirəm. Mən ona cavabında dedim ki, bu sizin öz işinizdir və mən sizin işinizə qarışa bilmərəm. Lakin mən öz şeirlərimi kimsəyə pul xətrinə satmaq istəmirəm. Bu mənim daxili hisslərim, aləmim, xalqıma, millətimə olan istəyimdir. Həmin məhəbbəti isə pulla satın almaq mümkün deyil. Ona görə də bu gün kitablarımın hamısının sonuncu səhifəsində yazılır ki, kitabım oxuculara təmənnasız, yəni pulsuz paylanılır və ya hədiyyə olunur. Bu gün də şeirlərimi çap edib kiməsə satmaq fikrim yoxdur. Təəssüf ki, bir çox insanlar buna başqa cür, yəni dolanışıq mənbəyi kimi yanaşır. Təbii ki, həmin insanları təqsirləndirmirəm. Sadəcə, onu deyə bilərəm ki, mənim öz həyat yolum və prinsiplərim var.

- Hər şairin mütləq şəkildə ilham mənbəyi var. Maraqlıdır, Gülağa Tənhanın ilham mənbəyi nədir?

- İlk şeirimi 7-ci sinifdə oxuyan bir qıza həsr etmişdim. Həmin vaxtda mən 8-ci sinifdə oxuyurdum. Tanıdığım bir xanımı kimləsə söhbət edən gördükdə dərhal üzümü çevirirəm ki, guya heç nə görmürəm. Lakin münasibətdə olduğum və bir tərəfli sevgi yaşadığım xanımı kimləsə qucaqlaşan gördükdə bunu böyük bir fəlakət kimi qəbul etdim. Baş verənlərdən çox təsirlənmişdim və həmin qızın evlərinin ağ qapılarının üzərinə qırmızı boya ilə belə bir şeir yazdım...

Sən elə bilirsən sənsiz ölərəm,

Mənim üzüm bərkdir ölən deyiləm

Elə incitmisən ürəyimi sən,

Bir daha qapına gələn deyiləm.

Ömrün keçəcək naləylə ahla,

Ürəyin nə qədər istərsə ağla,

sənin göz yaşını silən deyiləm.

- Şairlərin əksəriyyətinin çox həssas və romantika vurğunu olduğunu deyirlər. Bu həqiqətən belədir?

- Şeir yazmaq hər insana nəsib olmur. Adi bir yerə baxanda orda heç nə görməyə bilərsən. Mən digər insanlardan fərqli olaraq həmin yerdə cizgilər görə bilirəm. Həmin xırdalıqları görə bilənlər isə şairdirlər. Sizə bir misal çəkim. Şüvəlanda internat məktəbi var. Orada bir müsabiqə keçirirdim hansı ki, məktəbin uşaqları rəsm əsəri çəkməli idilər. Həmin rəsm əsərlərinin içərisində diqqətimi çəkən bir əl işi oldu. Belə ki, bir qız güldanda boynu bükük tülpan çəkmişdi. Ondan soruşanda ki, bu gülün boynu niyə bükükdü? Cavabında isə belə dedi: Tülpan mənəm və boynu bükük dayanıb, anamın yolunu gözləyirəm. Bu sözlər mənə çox pis təsir etdi. Özüm də çox çətinliklə böyümüşəm. Ona görə də qəhərləndim. İki uşağın çəkdiyi rəsm diqqətimi çəkdiyindən onların hər ikisinə 100 dollar pul mükafatı verdim. Həmin uşaqlar isə həm lal, həm də kar idilər. 13 yaşında bir qızcığaz məndən 100 dollar hədiyyə alanda, o bilmirdi bu pul nədir və müəllimdən onun nə olduğunu soruşdu. Müəllimə əli ilə işarə edir ki, keçmiş pulla 50 şirvandır. Uşaq sevindiyindən çırpındı və mənə çox sağ ol dedi. Hamı ağladı ki, 13 yaşında uşaq o vaxta qədər danışmırdı. Bundan böyük xoşbəxtçilik nə ola bilər? Bunu mən necə qələmə almayım? Bunlar mənim ürək ağrılarım, ürək çırpıntılarımdır. Həmin vaxt 2 saatdan sonra Moskvaya uçmağa hazırlaşırdım. Şüvəlandan hava limanına gedənə qədər biletin üzərində "Ey ilahim, bu körpənin günahı nədir" şeiri ərsəyə gəldi. Allaha yalvarırdım ki, kaş məni həmin vaxt kar, kor edərdin ki, uşaqların vəziyyətinə düşüb onları anlaya biləydim, hansı hisslər keçirdiklərini duya biləydim. İnanın səmimiyyətimə, bəzən elə olur ki, şeirlərimi yazanda gözümdən yaş gəlir.

- Bu gün Azərbaycanda fəaliyyət göstərən Yazıçılar Birliyinin işindən məmnunsunuzmu?

- Xalq yazıçısı Anarı çox yaxşı tanıyıram. O artıq yaşlaşıb və sağlıq durumu da əvvəlki deyil, həmçinin bir çox problemləri də var. Bu gün Yazıçılar Birliyinin sədri 30-35 yaşında enerjili bir şəxs olmalıdır ki, yazıçıların problemləri ilə məşğul ola, qayğısına qala bilsin. Bu gün Yazıçılar Birliyini ya ləğv etmək, ya da dövlətin siyasətini daha çevik formada həyata keçirən şəxsi sədr kimi təyin etmək lazımdır ki, işləri davam etdirsin.

- Ölkəyə qarşı qərəzli fikirlərin yayılmasında çox vaxt yazıçılardan istifadə edirlər. Buna səbəb nədir?

- Çünki yazıçılar xalq arasında həm hörmətə, həm də böyük təsir gücünə malikdir. Vaxtı ilə Dövlət Təhlükəsizlik Komitəsində bu sahəyə nəzarət edən siyasi şöbə fəaliyyət göstərirdi. Hazırda isə həmin şöbə işləmir, demək olar ki, yox səviyyəsindədir. İndi bu sahə demək olar ki, biznes kluba çevrilib. Biznes klubda da ancaq iqtisadi məsələlər müzakirə olunur. Hətta belə bir deyim də var: bir dəlinin yazdığını 100 ağıllı poza bilməz.

- Şairliklə yanaşı, həm də xeyriyyəçisiniz və qazandıqlarınızı 10 faizini xalqa, vətənə sərf edirsiniz...

- Qazandığım pulların 10%-ni xalqım, millətim üçün Allah yolunda ayırıram. Ölkəmizin gələcək inkişafı, xəstələrimizin sağalması, uşaqlarımızın təhsil alması, gənclərimizin idmanla məşğul olması üçün hər zaman pul xərcləməyə hazıram. Məni çox vaxt Hacı Zeynalabdin Tağıyevlə müqayisə edirlər. Hətta mənə onun adını daşıyan orden də təqdim edilib. Bu gün mənim millət qarşısında borcum var, siyasi cəhətdən heç bir borcum yoxdur. Allahıma hər zaman şükür edirəm ki, mənə can sağlığı, var-dövlət verib. Pullar da təbii ki, bir çox azərbaycanlıların hesabına qazanılır. Rusiyada, İspaniya və Almaniyada şirkətlərim var və çalışıram ki, şirkətlərimə daha çox azərbaycanlı dəvət edim. Çünki mənim üçün əsas öz millətimdir. Moskvada 2500-ə yaxın işçim var və onların təxminən 1850 nəfəri, məhz azərbaycanlılardır.

Sizə bir əhvalat danışım. "Mən idarə etdiyim şirkətlərdə 2500 nəfərə qədər işçi var. Onların arasında azərbaycanlılar da var. Bayram yaxınlaşırdı. Mənə siyahını gətirəndə 4 nəfər azərbaycanlının işdən çıxarıldığını gördüm. Bu zaman dedim ki, adamları çıxartmayın, çağırın müdirləri ilə danışım. Müdir də azərbaycanlılardır. Bunun səbəbini soruşanda mənə dedilər ki, onlar zəif işləyirlər, belaruslar onlardan cəld işləyir. Mən də ona cavab verdim ki, sən yaxşı fikirləşməlisən ki, o 4 nəfərin hər birinin ailəsi var. Onlar burada işləyərək öz ailələrinə pul göndərirlər. Bu işçilərin anası, bacısı, həyat yoldaşı, qızı var. Sən bu işçiləri işdən çıxartmaqla onların ailəsi ac qalacaq. Ya onlar pis yola düşəcəklər, ya da ac qalacaqlar. Əgər hər işçinin ailəsi dörd nəfərdən ibarətdirsə, onda sən 16 nəfərin ac qalmasına səbəb olacaqsan. Zəif işləyirlərsə kömək et, öyrət, başa sal, işləmək istəmirlərsə, yenə məsləhət ver. Sən millətinin qayğısına qalmaq əvəzinə, onları işdən çıxardırsan, belarusları saxlayırsan. Çünki, o adamlarda vətənə qayğı yoxdur. Əfsus ki, bu gün bəzi şəxslərə tamah daha çox üstün gəlir və onlar öz xeyirlərini hər şeydən üstün tuturlar.

O zaman bank müdiri işləyirdim və Azərbaycana çoxlu yardım edirdim. Bir gün eşitdim ki, ermənilərə gizli yolla benzin satırlar. Bunun da hansı yolla baş verdiyini çox gözəl bilirdim. Həmin vaxt bir şeir yazmışdım...

Tamah deşiyindən sızan qan millətin qanıdır,

Ucaltdığı sarayın suvağına qatdığı bu millətin, məmləkətin qanıdır.

Həmin ermənilər geri qayıdarkən azərbaycanlıları öldürürdülər, lakin onlardan pul alan azərbaycanlı isə qazandığı pullarla özünə evlər tikdirirdi. Bu şeirim vasitəsi ilə onlara sözümü çatdırmışam.

Hətta elə şeirlərim var ki, onları kitab şəklində çap etdirmək istəmirəm. Çünki onları yazsam çoxlu söz-söhbətlər yarana bilər. Bu gün vəzifədə olan bəzi şəxslərin vaxtı ilə nə ilə məşğul olduqlarını mən bilirəm. Sadəcə, indi o insanları görəndə üzümü çevirirəm ki, guya onları tanımıram. Onlarla əl verib görüşməyi özümə təhqir bilirəm. Bir çoxları pullarını xaricdə xərcləyirlər. Bir çox məmurlarımız Dubayda Tac mahalda yeyib içirlər. İndiki vaxtda şərait yaratmaq lazımdır ki, burada özümüzünkilər işləyib, çörək pulu qazana bilsinlər. Bu dəqiqə düşmənimiz olan ermənilər acından ölürlər. Sadəcə, Fransada, Amerikada olan erməni diasporları onları yaşada bilir.

Müxalifət nümayəndələrinin öz dünyagörüşləri var və mən onları təhqir etmək istəmirəm. Sadəcə bir söz demək istəyirəm ki, Allah onlara ağıl versin. Bu gün respublikada görülən işləri görə bilmək üçün Allah onların gözünə işıq gətirsin. Azərbaycanda 2015-ci ildə Avropa Olimpiya Oyunları keçiriləcəksə, yaxud da 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsi ölkəmizdə keçirilibsə, bu bizim ölkənin inkişafının göstəricisidir.

- Bir çox qüvvələr Azərbaycanın bugünkü inkişafını görməzlikdən gəlirlər. Bir biznesmen kimi fikirlərinizi öyrənmək istərdik..

- Ulu Öndər Heydər Əliyev bugünkü müasir Azərbaycan dövlətinin banisidir. Bunu inkar etmək mümkün deyil. Misal çəkə bilərəm. Hava limanında təyyarədən düşəndə Azərbaycanın inkişafını və bugünkü mənzərəni Heydər Əliyevin büstünə bənzədirəm. Görülən işlərin hamısı göz önündədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...