Parkinqdə əlillər üçün ayrılmış yerlərdə maşın saxlayanları nə gözləyir? - EKSPERT AÇIQLADI

"Keçən il əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimələr 6 dəfə artırılıb və cəza tədbirləri sərtləşdirilib. Cəriməsi əgər 10 manat idisə, indiki vəziyyətdə bu cərimə 60 manat nəzərdə tutulub. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, əlillər üçün ayrılmış park yerlərində qanunsuz parklama halında sürücüyə cərimə tətbiq olunur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, zərurət yarandıqda, nəqliyyat vasitəsi evakuasiya edilə bilər. Bu cəza həm hüquqi məsuliyyət, həm də ictimai məsuliyyət baxımından önəmlidir. Sadəcə sərt nəzarət təmin olunmalıdır və bu növ hallar aradan qaldırılmalıdır: "Çünki əhalinin həssas qurupu olan əlillərin haqlarının pozulması kimi hallar yolverilməzdir. Onlara ayrılmış yerlərin zəbtinin qarşısı sərt şəkildə alınmaldır. Belə halların qarşısını almaq üçün ticarət mərkəzlərində və ictimai parkinq sahələrində nəzarət sistemləri gücləndirilməli, nişanlamalar aydın və görünən olmalı, ictimai maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Əlillər üçün ayrılmış yerlərin qorunması cəmiyyətin həmrəyliyini və vətəndaş məsuliyyətini nümayiş etdirən vacib bir addımdır. Əlillər üçün ayrılmış park yerləri onların gündəlik həyatını asanlaşdırmaq və ictimai məkana sərbəst çıxışını təmin etmək məqsədi ilə xüsusi nişanlanmış şəkildə ayrılır. Təəssüf ki, bəzi sürücülər bu yerlərdə icazəsiz avtomobil saxlayaraq həm qanunu, həm də sosial etik normaları pozurlar".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə