Masazırda qonşular arasında gərginlik - FOTO - VİDEO

Azərbaycan xalqı min illərdir mövcud olan və bu gün də öz dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən xalqdır. Məhz dəyərlərinə sahib çıxmasının nəticəsidir ki, mədəniyyətimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə nail olunub. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər xalqımıza dünyada böyük hörmət və nüfuz qazandırıb. Düzdür müasir dövrün yenilikləri bəzi adət-ənənələrimizə kölgə salınmasına gətirib çıxarır. Xüsusilə də qonşuluq əlaqələrində heç də xoş olmayan problemlər yaşanmaqdadır. Əslində qonşuluq ailələr arasında mehriban münasibətlərin qurulması, bir-birinə hörmət, dəstək, arxa deməkdir. Səbəbsiz yerə el arasında “Uzaq qohumdansa yaxın qonşu yaxşıdır” deyilməyib ki. Lakin bəzən bu prinsiplər nəzərə alınmır. Daha doğrusu bəzi təsir altına düşən qonşunun yanlış baxışları və fəaliyyətləri nəticəsində qonşular arasında ciddi mübahisələr yaranır. Bu mübahisələrə aidiyyəti dövlət qurumlarının laqeyd yanaşması nəticə də problemin dərinləşməsinə və polisə, hətta məhkəmə orqanlarına qədər gedib çıxmasına gətirib çıxarır. Elə Abşeron rayonu Masazır qəsəbəsi , Yoncalıq deyilən ərazidə -Ülvi Bünyadzadə küçəsində 6 qonşu arasında baş verən məişət zəminində problemin əsas səbəbkarları, həm də günahkarları Masazır qəsəbəsinin icra nümayəndəliyi, başlıcasısı isə Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyidir. Çünki sözügedən qurumlar vaxtında su, kanalizasiya sistemlərini düzgün nizamlayıb, çəkilişini həyata keçirsələrdi qonşular arasında qarşıdurma yaranmazdır. Problem isə ondan ibarətdir ki, küçənin sakinlərindən olan Saleh Abdullayev və Tağı Səmədov öz torpaq sahələrindən digər 6 qonşuya məxsuz kanalizasiya sisteminin keçməsinə icazə vermirlər. Səbəbini də onunla əlaqələndirirlər ki, kanalizasiya tez-tez daşır və onların torpaq sahələrini çirkab sularına qərq edir ki, bu da nəticədə antisanitariya vəziyyəti yaradır. Bu səbəbdən də Tağı Səmədov bir neçə dəfə xəbərdarlıqdan sonra həyətindən keçən kanalizasiya borularını sökərək, qonşularına təhvil verib. Daha əvvəllər isə 6 qonşunun kanalizasiya xətti Aydın Məlikovun həyətindən keçib. Lakin kanalizasiya sistemi tez-tez daşdığı üçün Aydın Məlikov xətti sökərək, həyətindən çıxarıb. Nəticə də qonşular Saleh Abdullayev və Tağı Səmədovun həyətindən kanalizasiya xətlərini çəkməyə məcbur olublar. Bu da uzun çəkməyib...

Saleh Abdullayev və Tağı Səmədov bildirirlər ki, yaxınlıqdan mərkəzi kanalizasiya sistemi keçir ki, qonşular ondan istifadə etməklə problemlərini həll edə bilərlər. Kanalizasiya xətlərinin Saleh Abdullayevin və Tağı Səmədovun mülkiyyətində olan torpaq sahələrindən keçməsini israr edən qonşular isə əlavə xərcə düşmək istəmədiklərini bildirir və hasar qonşularına qarşı ittihamlar irəli sürürlər. Hətta narazı qonşular bilərəkdən və ya bilməyərəkdən məsələyə aidiyyəti olmayan şəxsin - müəllimə Gülarə Quluzadənin də adını hallandırmaqla, onun haqqında tənqidi fikirlər səsləndirirlər. Bununla kifayətlənməyib bəzi şəxsləri dövriyyə cəlb etməklə Gülarə Quluzadənin ailəsini və iş yerini hədəfə aldırırlar. Gülarə Quluzadənin yarımçıq tikilisinin (özünün dediyinə görə 10 ildən çoxdur ki, Rusiyada yaşayan oğlunun maliyyə vəsaiti hesabına 3 mərtəbəli evini tikir) şəkillərini müxtəlif sosial şəbəkə hesablarında, saytlarda, internet TV-lər də paylaşmaqla ona təsir etmək və qonşular üçün kanalizasiya xəttini onun hesabına çəkilməsinə məcbur etmək istəyirlər. G.Quluzadə deyir ki, biz azad, hüquqi dövlətdə yaşayıq və heç kim qanundankənar addımlarla hansısa məsələnin həll edilməsinə məcbur edə bilməz: “Mənə göstərilən pisliklərə baxmayaq, qonşuluq münasibətlərinə hörmətlə yanaşdım. Təklif etdim ki, sizlərlə mənim evimin arasında iki həyətin olmasına baxmayaraq ümumi kanalizasiya xəttinin çəkilməsi üçün nəzər də tutulan 1000 manata yaxın pul vəsaitinin 150-200 manatını mən verə bilərəm. Bundan artığına imkanım çatmır. Onlar isə təkid edirlər ki, sən təhsil sistemində işləyirsən və kanalizasiya xəttinin çəkilməsi üçün ehtiyac duyulan maliyyə vəsaitini də sən ödəməlisən”.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində “Qonşuluq hüququ” deyilən anlayış var. Qanuna görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Eyni zamanda öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qanunvericiliklə qadağan olunur. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Bir də qanunvericilikdə qonşu təsirinə dözmək vəzifəsi var. Bu nədir? Torpaq sahəsinin və ya digər daşınmaz əmla­kın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa, və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Bundan əlavə, qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun, yaxud həmin sahələrdəki qurğuları zədələsin. Belə halda torpaq sahəsinin mülkiyyətçisi belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.

Son olaraq onu vurğulamaq lazımdır ki, qonşuluq münasibətlərinin zədələnməsinə xidmət edən amillərdən çəkinmək yaxşı olardı. Bu hal mənəvi , həm də qanunvericilik formalarında nəzərə alınmalıdır. Əks halda min illərdir ki, mövcud olan daha bir dəyərdən - yaxın qonşuluq münasibətlərindən də məhrum olarıq.

Qeyd edək ki, SƏS TV olaraq qonşuların şikayəti əsasında ərazidə çəkiliş apardıq. Hər iki tərəfi dinlədik və geniş araşdırma apardıq. Məsləyə ekspertlərin və aidiyyəti dövlət qurumlarının da münasibətini öyrəndik. Ətraflı: Link də

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə