"Şuşa İli”nin reallıqları və vəzifələri - MÜSAHİBƏ

SİA Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin yap.org.az-a verdiyi müsahibəni təqdim edir.

- İsa müəllim, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edildi. Bu mühüm addım özündə hansı çağırışları və mesajları ehtiva edir?

- İlk növbədə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi çox mühüm siyasi-tarixi hadisədir. Bu, dövlət başçımızın həm dünya ictimaiyyətinin və həm də xalqımızın diqqətinin bir daha qədim Azərbaycan şəhəri olan Şuşaya yönəltmək kimi xüsusi bir əhəmiyyətli məqsəd daşıyır. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Sirr deyil ki, bəzi erməni dairələri və onların xaricdəki havadarları hələ də tarixdə heç zaman olmamış Artsax haqqında mənasız, lüzumsuz və saxta xülyaların məhsulu olan məlumatlar yaymaqla məşğuldurlar. Belə sahədə yenə çaşqınlıq yaratmaq istəyənlərə ən mükəmməl cavab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili dövlət səviyyəsində “Şuşa İli” elan etməsindən ibarətdir. Ona görə də “Şuşa İli” anlayışının mühüm siyasi əhəmiyyəti vardır.

İkincisi, “Şuşa İli” həm də Şuşa şəhərinin qədim Azərbaycan şəhəri olması haqqında bəyanatıdır. Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş bu şəhər Azərbaycan memarlığının şah əsərlərindən biridir. Şuşadakı məscidlər, şərq üslubunda tikilmiş çoxsaylı evlər, tarixi Şuşa qalası, daş məhəllələr, bulaq-abidələr milli xüsusiyyətlərə malik olan Azərbaycan memarlığının nadir əsərləridir.

“Şuşa İli” Azərbaycan memarlıq sənətinin qədim Şuşa incilərini dünyaya göstərməyə imkan yaradacaqdır.

Üçüncüsü, məlum olduğu kimi, Qarabağ xanlığının siyasi-inzibati paytaxtı olmuş Şuşa şəhəri də erməni vandalizminin ciddi dağıntılarına məruz qalmışdır. Prezident İlham Əliyevin “Şuşa İli” çağrışı qədim Şuşa şəhərinin işğaldan azad edildikdən sonra milli memarlıq ənənələri əsasında yenidən bərpa edilməsinə geniş meydan açacaqdır. Çox yaxşı cəhətdir ki, cənab Prezident Şuşanın yenidənqurulması proseslərinə şəxsən özü rəhbərlik edir. Və bu, Şuşa şəhərinin həqiqətən də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə real inam yaradır.

Yeri gəlmişkən, deyək ki, Şuşa işğaldan azad edildikdən sonra möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu unikal şəhərdə artıq bərpa və yenidənqurma işləri sahəsində mühüm addımlar atılmış, bir çox əhəmiyyətli layihələr gerçəkləşdirmişdir. Proses uğurla davam etdirilir.

- Tariximizin daşlaşmış yaddaşı olan Şuşa yeni günlərini yaşayır. Mədəniyyət paytaxtımız dünya svilizasiyasına töhfələri ilə də diqqət çəkir. Tarixi faktlara müraciət edək…

- Şuşa Azərbaycanın paytaxtı, Qarabağın tacıdır. Şuşa ölkəmizin əsas elm, ədəbiyyat və mədəniyyət mərkəzlərindən biridir.

Şuşa dünya mədəniyyətinə Üzeyir Hacıbəyov kimi dahi bəstəkarı bəxş etmişdir. Üzeyir Hacıbəyov Azərbaycan incəsənətinin milli iftixar və dünya mədəniyyətinin əfsanəsidir.

Azərbaycan ədəbiyyatı və incəsənətinin bir çox görkəmli simaları Şuşa elmi və ədəbi-mədəni mühitinin yetirmələridir.

Molla Pənah Vaqif Qarabağ xanının vəziri kimi Şuşa şəhərinin qurulmasında və müdafiə olunmasında çox yaxından iştirak etmişdir. Vaqifin adı ilə bağlı olan erkən realism ədəbi cərəyanı Şuşada ədəbi mühitində formalaşdırmışdır.

Xalq artisti Bülbül Azərbaycan vokal ifaçılığının banisidir.

Xurşudbani Natəvan – Azərbaycan qadın ziyalılığının nadir simasıdır.

Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Ağaoğlu, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Firidun bəy Köçərli, Mir Möhsün Nəvab, Səfərəli bəy Vəlibəyov və onlarla başqaları tariximizdə, ədəbiyyat və incəsənətimizdə dərin izləri olan böyük elm və ədəbiyyat xadimləridir.

Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etdiyim zaman erməni vandallarının Azərbaycanın görkəmli simalarının ata ocaqlarını dağıtdıqlarını görmək mənim üçün çox ağır və həyəcanlı idi. Əhməd bəy Ağaoğlunun doğulduğu binanın yalnız birinci mərtəbəsinin uçurulmuş divarlarının qalıqları qalmışdır. Əbdürrəhim bəy Haqverdiyev və Nəcəf bəy Vəzirova məxsus binaların ancaq karkaslarını görmək mümkündür. Cəlil Məmmədquluzadə və Həmidə xanımın da mövsümü olaraq yaşadıqları, böyük tarzən Sadıqcanın 3 mərtəbəli evinin sadəcə divarları ilə qarşılaşdıq… Bütün bunlar erməni vəhşiliyinin nə qədər dəhşətli olduğunu əyani surətdə təsəvvür etməyə imkan verir. Dünyanın heç bir xalqı müharibələrdə belə vəhşiliklər törətməmişdir. Erməni xisləti ifrat şovinizmi və dağıdıcılığı, talançılığı ilə tanınır.

Bütün bu dağıntıların fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı ilə Molla Pənah Vaqifin əsaslı şəkildə yenidən qurulmuş əzəmətli məqbərəsinin açılışı mərasimində iştirak etmək çox qürurlu hadisə idi. Molla Pənah Vaqifin məqbərəsi Şuşa şəhərinin yenidən qurulmasının rəmzidir. Həm də müasir memarlıq əsəri kimi ucaldılmış Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi Şuşanın müstəqil Azərbaycan dövləti tərəfindən hansı səviyyədə qurulub-tikiləcəyinin etalonudur.

Böyük bəstəkar Üzeyir Hacıbəyova Şuşada heykəl qoyulması, Bülbülün ev muzeyinin yüksək səviyyədə bərpa edilərək istifadəyə verilməsi Şuşa şəhərinə yeni həyatın gəlməsinin əhəmiyyətli addımlarıdır.

Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi bu qədim Azərbaycan şəhərində quruculuq proseslərinin daha sürətlə və hərtərəfli şəkildə aparılacağına tam təminat verir.

- Qüdrətli şair Molla Pənah Vaqifin Şuşa ilə bağlı söylədiyi “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” fikirləri dünyaya səs salan Şuşa əməliyyatında özünün necə ifadəsini tapıb? Ölkə Prezidentinin qeyd etdiyi kimi, Şuşa əməliyyatı artıq bir dastana çevrilib…

- Bir qədər əvvəl dediyim kimi, Molla Pənah Vaqif Şuşa şəhərinin müdafiə divarlarının tikilməsinə rəhbərlik etmişdir. O, Şuşa şəhərində Saatlı məhəlləsində mədrəsə müəllimliyindən Qarabağ xanlığının baş vəziri səviyyəsinə yüksəlmişdir. Molla Pənah Vaqifin nadir sənət nümunəsi olan qoşmalarının mütləq əksəriyyəti Şuşada yazılmışdır. Şuşaya Molla Pənah Vaqifin, Üzeyir Hacıbəyovun, Bülbülün ruhu hopmuşdur. Qəhrəman Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə Şuşanı - Qarabağı işğalçılardan azad etməklə həm də qüdrətli sənətkarlarımızın ruhunu doğma torpağa qaytarmışdır. Şuşanın azad edilməsi hadisəsi Azərbaycanın XXI əsrdəki qəhrəmanlıq dastanıdır. Şuşa əməliyyatı dünya hərb tarixinin qeyri-adi hadisəsidir. Şuşa şəhərinin azad edilməsi haqqında 8 noyabr 2020-ci il tarixdə qəhrəman Azərbaycan əsgərinin Ali Baş Komandana verdiyi tarixi raport Qarabağın düşməndən xilas olunmasının möhtəşəm mesajı idi. Və Cənab Prezidentin 8 noyabrda Şəhidlər Xiyabanından böyük qürur hissi ilə səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözlərinin ölkə miqyasında, dünya azərbaycanlıları arasında doğurduğu böyük sevinci heç nə ilə müqayisə etmək mümkün deyildir. Həmin tarixi anlarda hər bir azərbaycanlı özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi.

Ümumiyyələ, 44 günlük İkinci Qarabağ savaşı – Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən parlaq səhifəsidir. Təkrarsız və misilsiz hadisədir. Şərəf tariximizdir. Azərbaycan xalqı Qarabağın işğaldan azad edilməsi üçün xalqımızın ulu öndəri Heydər Əliyevə və Müzəffər Preizdentimiz İlham Əliyevə əbədi minnətdardır.

Qarabağ hadisələri, “Dəmir yumruq” əməliyyatı, Şuşa əməliyyatı, tarixi Zəfərimiz Azərbaycan ədəbiyyatı və incəsənətinin əsas mövzusu olacaq, bu mövzuda parlaq əsərlər yaradılacaqdır. Azərbaycan elmi də tarixi Zəfərin əsl mahiyyətinin açılması və obyektiv qiymətinin verilməsi üçün səfərbər olmuşdur.

- İsa müəllim, əsas hədəfimiz Böyük Qayıdışı reallaşdırmaqdır. “Şuşa İli” bu istiqamətdə nə vəd edir?

- Böyük Qayıdış müstəqillik tariximizin ən möhtəşəm dövlət proqramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Böyük Qayıdış proqramı Azərbaycanın ərazi bütövlüyünə qovuşmasının və Qarabağa yeni həyatın gəlməsinin təmin edilməsi layihəsidir. Ona görə də Böyük Qayıdış mühüm bir dövlət proqramı olduğu üçün bu ifadə cümlənin harasında işlənməsindən asılı olmayaraq böyük hərflərlə yazılmalıdır.

Artıq ölkəmizdə Böyük Qayıdışın real Qayıdış faktına çevrilməsi prosesi yaşanır. Proseslər göstərir ki, vətəndaşlarımızın Qarabağa, Şuşaya, doğma ocaqlarına, ata-baba məskənlərinə qayıdacaqları günlərin astanasındayıq. Arzu edirik ki, 2022-ci ildə, “Şuşa İli”ndə bu torpaqların əsl sakinləri Novruz bayramını 30 ildən sonra doğma ocaqlarında qarşılasınlar.

Yeri gəlmişkən, bu günlərdə Şuşa və Ağdam şəhərlərinə avtobus marşurutlarının açılması da Böyük Qayıdış hərəkatının əlamətdar hadisəsidir.

“Şuşa İli” Böyük Qayıdışın ideyadan əmələ, reallığa çevriləcəyi il olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə