20 Yanvar - müstəqillik mübarizəsinin zirvəsi

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü

Dünya tarixinə nəzər salsaq, bütün xalqların azadlıq və müstəqillik uğrunda mübarizəsinin keşməkeşli olduğunu, həmin xalqların bu yolda xeyli qurbanlar verdiyini görmək olar. Bu baxımdan ötən əsrin 90-cı illərində xalqımızın müstəqillik uğrunda mübarizəsi də təəssüf ki, qurbanlarsız ötüşmədi. O zaman sütunları laxlayan, çökmək ərəfəsində olan SSRİ-nin rəhbərliyi Azərbaycan xalqının 1988-ci ildən başlayan müstəqillik mübarizəsini qan içində boğmağa qərar vermişdi. Elə məhz bu səbədən də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıqla Bakını zəbt etdi. Bu qanlı əməliyyata birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK-nın sədrinin müavini Filip Babkov rəhbərlik edirdilər. Fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi əhaliyə elan olunanadək, imperiya əsgərləri artıq 82 nəfəri amansızcasına qətlə yetirmişdilər. 20 nəfər isə ölümcül yaralanmışdı. Kütləvi insan qırğını törədildikdən sonra, yəni yanvarın 20-si səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Halbuki, buna qədər hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər qətlə yetirildi.

Onu da qeyd edək ki, sovet ordusunun törətdiyi vəhşiliklər yalnız paytaxtla məhdudlaşmırdı. Yanvarın 25-də Neftçala, yanvarın 26-da isə Lənkəranda qətllər davam etdirildi və 8 vətəndaşımız şəhid edildi. 20 Yanvar hadisələri zamanı ümumilikdə 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Eləcə də 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.

20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış ağır hərbi cinayət idi. Azərbaycana cəlb olunan qoşunların miqyası və törədilən qəddarlıq da bunu təsdiq edirdi. Belə ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, eləcə də xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakıya gətirilmişdi. Onların arasında Stavropol, Rostov, Krasnodardan gətirilən erməni zabit, əsgər və kursantları da vardı.

Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr dünyada böyük rezonans doğurdu. O zaman Azərbaycan informasiya blokadasında idi. Lakin Moskvada olan Ümummili Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək, Sovet hakimiyyətinin bu əməlinə sərt etiraz etdi və Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Ümummili Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində çıxışı zamanı Azərbaycana kənardan böyük ordu kontingentinin yeridildiyini vurğuladı. Baş verən qanlı hadisələrə görə Moskvaya kəskin etirazını bildirən Ulu Öndər Bakıya sovet ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etməklə yanaşı rəsmi açıqlama da tələb etdi: "Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.

Törədilən qətliama baxmayaraq, SSRİ rəhbərliyi xalqımızın azadlıq və müstəqillik arzusuna mane ola bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində yeni mərhələnin başlanğıcı oldu. İmperiya asılılığında yaşamaq istəməyən xalqımız mübarizəsini davam etdirdi və çox keçmədən müstəqilliyinə nail oldu. 20 Yanvar faciəsi isə tariximizə həm ümumxalq faciəsi, həm də müstəqillik uğrunda xalqımızın apardığı mübarizənin zirvəsi kimi həkk olundu.

Onu da qeyd edək ki, 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsil həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra – 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsil mahiyyəti açıqlandı.1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsil mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu öndər Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Ümummilli lider tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilmişdir. Hələ ötən əsrin 90-cı illərində ulu öndərin müvafiq fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanılmışdır.

“1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”, – deyən Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, bu faciə ilə bağlı əlilliyi olan şəxslərin sosial müdafiə sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin dekabrın 31-də “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” imzaladığı fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə təsis edilmiş aylıq “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği 300 manatdan 500 manata qaldırılıb. Həmin vaxtadək bu təqaüdün məbləğı 300 manat olub. Bu fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minib. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...