Yaxşı bir el deyimi var. Deyir, allah insanlara hər şeyi yarımçıq verir, təkcə ağıldan başqa. Yəni yaradanın ən böyük “ədalət”i ağıl paylanışında görsənir. Ona görə yer üzündə yaşayan bir adam da tapa bilməzsiniz ki, desin mənim ağlım yarımçıqdı, çatışmazlıq var. Pulun, sağlamlığın, xoşbəxtliyin və sair, və ilaxırın yarımçıqlığından hamı gileylənir, amma ağılın yarımçıqlığından gileylənən görmədik, görmərik də.

İndi oxucum deyəcək ki, hamının bildiyini bura yazıb niyə vaxtımızı alır bu adam? Darıxmayın, deyəcəm hamının bildiyi bir həqiqəti yazıb qızıl kimi vaxtınızı niyə məşğul edirəm. Məsələ burasındadır ki, el arasında “devit be” (yəni doqquz b) deyilən psixoloji xəstələr də özlərini ağılsız hesab eləmirlər. Və hətta onlara bir balaca ağıl vermək istəyəndə az qalır vurub adamı öldürsünlər. Niyə? Çünki o da özünü hamıdan ağıllı hesab edir. Və ona elə gəlir ki, onun qandığı ən doğrusudu, əsl həqiqət onun bildiyidi, başqalarının bildiyi onun bildiklərindən azdı və ya yanlışdı.
Xülasə, ağıl məsələsindən o qədər danışdım ki, əsas mövzumuz yaddan çıxdı. Amma ona görə ağıl barədə uzun-uzadı moizə elədim ki, indi deyəcəklərim doğru-düzgün anlaşılsın. Deyəcəyim də odur ki, bizim bəzi-bəzi siyasilərimizə ağılı verəndə, deyəsən, yaradan bir az “xəsislik” edib, “ədalət”i pozub. Özlərini bu hakimiyyətə müxalif adlandıran bəzi siyasilər bu yarımçıq ağılla hələ bir “hakimiyyət uğrunda” mübarizə də aparırlar. Yəni indiki hakimiyyət pisdi, getsin, biz gələk! Çox əcəb, burda pis nə var ki? Azərbaycan demokratik ölkədi, hər kəsin də istəyi uğrunda mübarizə aparmaq haqqı var. Kim deyir ki, özünün daha yaxşı olduğunu sübut edən siyasi güc hakimiyyətə gəlmək iddiası irəli sürməkdə səhv edir? Baxın, “daha yaxşı olduğunu sübut edən” yazdım a... Amma daha yaxşı olduğunu hesab edən (məhz hesab edən) bəzi siyasilərin hələ heç nə sübut etmədən bu iddiaya düşməsi, sadəcə, allahın həmin “ağıl” paylanışında ədalətsizliyə məruz qalanlardı. Məşhur bir bədii obraz var: Don Kixot! Bu Don Kixot müəllim Dulsineyasına çatmaq üçün qabağına nə çıxırsa hamısını düşməni hesab edir və qılıncını sivirib üstünə hücum çəkir. Hətta su dəyirmanının pərlərini qılınclayır ki, sən mənim düşmənimsən. Bizim özünü indiki hakimiyyətdən daha yaxşı hesab edən bəzi müxaliflərimiz həmin Don Kixotun siyasi variantından başqa bir şey deyillər. Bunlar o qədər ağılsızdılar ki, Azərbaycanın Tarif Şurası deyilən bir qurum qazın, elektrikin qiymətlərində bir-iki qəpik artım edər-etməz, Don Kixot kimi, qılınclarını sivirdilər ki, ay dadi-bidad, bu hakimiyyət millətin düşmənidi, onları yıxıb, bizi gətirin!
Sonra da deyirsiniz ki, ağıldan niyə bu qədər moizə oxudum! Oxumayıb da, neyniym? Bunların ağılları ora qədər kəsmədi ki, o bir-iki qəpik artımın qarşılığında ölkə başçısı o boyda Sərəncam verdi ki, əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün təkliflər verilsin. O boyda “tir”in əhəmiyyətini görməyib də, “qıl”ın zərərindən danışmaq ağılsızlıq deyil də, bəs nəmənədi? Hələ onu demirəm ki, bunların “pis” dedikləri bu hakimiyyət dünyanı qarşısına alıb otuz ildi inləyən torpaqlardan düşməni qovdu və elə bu günlərdə həmin 44 günün qələbə anlarını qeyd etməkdəyik. Yəni onlar o qədər ağıldan kasaddılar ki, bu böyüklükdə problemi rəşadətlə həll edən bir hakimiyyəti pisləməklə, guya xalqın da onlara inanacaqlarını hesab etdilər.
İndi yenə ağzıgöyçəklər deyəcəklər ki, müxalifətdi də, bunu niyə ağılsızlıq adlandırmalıyıq? Müxalifətdirsə, demək, hakimiyyəti tənqid etməlidir. Atam, mən demirəm ki, sinəsinə müxalifət nişanı taxıb, bəzi deputatlar kimi ağzına su alıb otursun. Əlbəttə deməlidi, əlbəttə tənqid etməlidi. Amma elə “hıx” deyən kimi, milləti küçələrə çağırıb, hakimiyyəti yıxmaq(?), onun yerinə keçmək (?)fikri ilə hərəkətə keçmək fikri, vallah ağılsızlıqdi, billah anormallıqdı. Biz də bu ağılsızlığın, bu anormallığın şahidləri olduq. Şahidi olduğumuzu demək də bəlkə ağılsızlıqdı! Bilmirəm, hər halda bir “ağıl problemi” var cəmiyyətdə. Onun daşıyıcıları kimlərdi, o haqda da Siz düşünün!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə