Revanşistlərin puç olan Şuşa xəyalı - TƏHLİL

Prezident İlham Əliyev: “Ermənilər nə qədər çalışsalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər”

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu, düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir.

Bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

“Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”

Bəli, Azərbaycan Prezidenti istər müsahibələrində, çıxışlarında, görüşlərində, istərsə də işğaldan azad olunmuş torpaqlara hər səfərində dönə-dönə bildirir ki, hər bir sahədə gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir: "Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir".

Bəli, Azərbaycan Prezidentinin verdiyi mesajlar təkcə Ermənistana deyil, həm də bu ölkənin havadarlarına ünvanlanmışdı. Ölkə başçısı tam əminliklə qeyd edir ki, Dağlıq Qarabağ problemi artıq geridə qalıb, münaqişəni alovlandırmaq cəhdləri tamamilə əbəsdir. Eyni zamanda, hazırda Qarabağda yaşayan ermənilərə statusun verilməsindən söhbət gedə bilməz, bu məsələ birdəfəlik bağlanıb. Digər tərəfdən, Ermənistandan hansısa təxribat olacağı təqdirdə, Azərbaycan "Dəmir yumruğu"nu yenidən işə salaraq, düşmənin dərsini verəcək. Zəngəzur dəhlizinin açılmasına gəlincə, ölkə başçısı regionu birləşdirəcək layihənin reallaşacağını, heç kimin ölkəmizin təşəbbüsünə mane ola bilməyəcəyini lazımı ünvanların diqqətinə çatdırmış oldu.

“Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər”

Azərbaycan Prezidentinin Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında vurğuladığı məqamlar bu şəhərin hər bir azərbaycanlı üçün nə qədər dərin mənəvi əhəmiyyətə malik olduğunu göstərir. Dövlət başçısı çıxışlarında Şuşanın Azərbaycan tarixində xüsusi yeri olan, Azərbaycan xalqı üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan bir şəhər olduğunu bildirdi və vurğuladı ki, işğaldan azad olunduqdan sonra Şuşada həyata keçirilən böyük quruculuq işləri bunu bir daha təsdiqləyir.

“İlk səfərim çərçivəsində Şuşanın bərpası ilə bağlı bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər - 7 ay ərzində artıq çox böyük işlər görülüb”, - deyən dövlət başçısı qeyd etdi ki, bu Şuşaya beşinci səfəridir və bildirdi ki, Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü: "Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı”.

Şuşanın işğaldan azad olunması Vətən müharibəsində Azərbaycanın parlaq zəfərini tamamlayan tarixi hadisədir. Bu qələbə Azərbaycan Prezidentinin praqmatik siyasətinin, dövlət-xalq birliyinin, Azərbaycan hərbçilərinin şücaətinin məntiqi nəticəsidir. 30 ilə yaxın bir müddət ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişənin həlli üçün heç bir real zəmin yarada bilmədi. Lakin Azərbaycan Prezidentinin praqmatik siyasətinin, dövlət-xalq birliyinin, Azərbaycan hərbçilərinin şücaətinin nəticəsində öz torpaqlarını işğaldan azad olunmasına nail oldu. Bu gün Şuşanın kimə məxsus olduğunu təkcə tarixi faktlar təsdiq etmir, həm də bu gün aparılan genişmiqyaslı quruculuq işlərinin nəticələri sübut edir.

Azərbaycan Prezidentinin Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında vurğuladığı kimi: "Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik".

RƏFİQƏ KAMALQIZI

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə " İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...