Dövlət başçısının müsahibəsindən mühüm siyasi məqamlar

Prezident İlham Əliyev Daşkəsən rayonuna səfəri zamanı burada “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Daha sonra televiziyanın nümayəndələrini qəbul edən cənab Prezident, bir çox məqamı işıqlandırıb. Bu region səfərlərinin önəmi və qeyri-neft sektoruna nəzarətin əhəmiyyətindən danışan cənab Prezident, Daşkəsənin metallurgiya yönündəki potensialından danışıb. İşğal olunan ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlərdən də danışıldı. Prezident İlham Əliyev öz çıxışında deyib: “Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivi var. Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik. Beləliklə bu işin də axrına çıxacağını bir göstərərək öz qətiyyətini ortaya qoyub.

Daha sonra isə daha çox iqtisadi məsələlər danışılıb. Prezident bu yöndə islahatların önəmindən və məmurların öz işlərinə göstərməli olduqları məsuliyyətdən danışıb. “Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Vergi orqanları 810 milyon manat daha çox, gömrük orqanları 206 milyon manat. Nəyin hesabına? İslahatların hesabına. Nəyin hesabına? Dürüstlüyün, şəffaflığın hesabına, uçotun hesabına, aparılan islahatların hesabına. Biznes qurumlarına vaxt verilmişdir, onlara tövsiyələr edilmişdir ki, bax, bundan sonra belə işləməlisiniz, kölgə iqtisadiyyatı olmamalıdır, hər kəs vergisini verməlidir. Hər hansı bir qanunsuz ödəmələr olmamalıdır. Heç bir dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir. Bu yanaşma biznes qurumları, dairələri tərəfindən çox müsbət qarşılandı. Onlar üçün də vaxt lazım idi yeni münasibətlər qaydalarına öyrəşsinlər, düz işləsinlər, dürüst olsunlar və artıq biz bunu görürük. Biz bir milyard manatdan çox əlavə gəlir əldə etmişik və bunun hesabına sosial ödəmələr edirik, şəhid ailələrini evlərlə təmin edirik, maaşları, pensiyaları qaldırırıq, infrastruktur layihələrini icra edirik. Əgər belə getsə, əlbəttə ki, ilin sonuna qədər rəqəmlər daha böyük olacaq”.

Beləliklə nəhayət gözlənilən islahatlar baş tutub və öz nəticəsini göstərməkdədir. Bunun sayəsində öz iqtisadi gücünü də möhkəmlədən Azərbaycanın önündə artıq daha geniş pəncərələr açılır. Bu pəncərədən yaranmış imkanları dəyərləndirmək üçün cənab Prezidentimizin siyasi səriştəsinə ehtiyacımız olacaqdır. Belə ki, bir dövlətlə digər bir dövlət, qurum və ya şirkət arasındakı münasibət birbaşa siyasi peşəkarlıq tələb edir.

Məhz elə siyasi səriştəsinin hesabına öz mühüm mövqeyini Qoşulmama Hərəkatında da göstərən Azərbaycan, şübhəsiz ki, qurumun ən mühüm üzvlərindəndir. Təəccüblü deyil ki, Azərbaycanın sədrlik müddəti bir il daha uzadılıb. Azərbaycanın qalib ölkə kimi bu qurumdakı müsbət fəaliyyəti və bunun mahiyyətindən danışan cənab Prezident bu fikirləri səsləndirib və Azərbycanın sədrliyinin uzadılması barədə danışıb: “Mən hesab edirəm ki, bir neçə səbəb var. İlk növbədə, bizim sədrliyimiz dövründə bütün üzv ölkələr gördülər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Mən öz çıxışımda demişdim ki, biz üzv ölkələrin maraqlarını müdafiə edəcəyik, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və bunu edirik. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ müharibəsidir. Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik. Əlbəttə ki, bu tarixi Qələbə bütün üzv ölkələr tərəfindən bizə olan hörməti daha da artırdı. Eyni zamanda, biz sədrliyimizə çox böyük məsuliyyətlə yanaşmışıq. Mən sədrliyimizin ilk aylarında demişdim ki, biz buna formal yanaşmırıq. Çünki Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə olaraq, necə deyərlər, bir status kimi formal yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...