Tarixin təkrarlanan gerçəklikləri

Təcavüzkar erməni millətçiləri tərəfindən törədilən Ağdaban soyqırımından 29 il ötür

Soyqırım, genosid bütün əhali qruplarının, etnosların, irqi, milli, etnik, yaxud dini əlamətlərinə görə tamamilə və qismən məhv edilməsi deməkdir. Azərbaycan xalqı ermənilər tərəfindən bütöv bir əsr boyu bu cür soyqırıma məruz qalmış bir xalq olmuşdur. Ermənilərin Azərbaycan torpaqlarında törətdiklər terrorçuluq, işğalçılıq, soyqırımı bunu təsdiqləyir. Tarixə diqqət etsək görərik ki, iki yüz ilə yaxın bir dövrdə təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı yeridilən soyqırımı siyasətinin acı nəticələrini yaşamışıq. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq məqsədi ilə ideyalarının reallaşdırmağa can atıblar. Ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçiriblər. Yaxın tariximiz olan 44 günlük Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər, işğaldan azad olan torpaqlarımızı tərk edərkən törətdikləri yanğınlar erməninin faşist ideologiyasının təzahürüdür. Ermənistanın ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsində də törətdikləri terrorçuluq dünyanın nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə yer aldı. Müxtəlif ölkələrdən müharibədə iştirak üçün Qarabağa gəlmiş döyüşçülərin öz dilindən xeyli informasiyalar dünya mətbuatında işıqlandırıldı. Ən dəhşətlisi gecə yatmış insanlara qarşı belə cinayətin törədilməsi zamanımızın qaniçənliyidir, bu insanlar yer üzünün lənətlənmişləridir. Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini müəllifi olan bir "xalq"a hansı adı verək olar?!

Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Elə Bərdə də yaşanılan hadisələr də ermənilərin faşist əmməllrini təsdiqlədi. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu.

8 NƏFƏR 90-100 YAŞLI QOCA, 2 NƏFƏR AZYAŞLI UŞAQ, 7 NƏFƏR QADIN DİRİ-DİRİ ODDA YANDIRILMIŞ…

Bu gün Qarabağ savaşının ən dəhşətli faciələrindən biri olan Ağdaban soyqırımından 29 il ötür. 1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır. Ağdaban soyqırımı zamanı bütöv bir kənd tamamilə yandırılmış, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilmiş və yurdundan didərgin salınmışdır. Faciə baş verən zaman səhərə yaxın erməni quldurları Ağdaban yalında keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub, səhər saat 6-da silahlarla nərilti qoparmağa başlayıblar. Qəfil yuxudan oyanan kənd camaatı özünü itirib. Erməni qarətçiləri planlı surətdə hərəkət ediblər. Belə bir vəziyyətdə aprelin 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşirin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum ediblər. Erməni quldurları tərəfindən kənd sakinləri amansızcasına öldürülüb, kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşıq Şəmşirin evi və zəngin arxivinə od vurularaq, külə döndərilib. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsini açıb.

Faciə zamanı 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayacaq səviyyədə soyqırımına "imza atan" erməni qəsbkarları qırğın zamanı Kəlbəcər rayonunun bu dilbər guşəsində, eyni zamanda, bütün tarixi abidələri, qaynaqları da məhv ediblər.

BEYNƏLXALQ HÜQUQUN TƏLƏB VƏ TƏKİDLƏRİNƏ MƏHƏL QOYMAYAN ERMƏNİSTAN MƏĞLUB EDİLDİ

Ağdaban qırğınının səhəri günü - aprel ayının 9-da camaat hər yerdən gəlib rayon mərkəzinə toplaşıb. Xalqın iradəsi ilə "Kəlbəcərin müdafiəsi üçün fövqəladə yardım komitəsi" yaradılıb. Komitə, qısa müddət ərzində, böyük tədbirlər həyata keçirib. Orduya kömək xeyli artırılıb. Əhalidə müdafiə olunacağına ümid yaranıb. Rayon əhalisinin ciddi təkidi ilə Kəlbəcərə göndərilən polkovnik Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edilib. Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirib. Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini talamışdır. Onu da qeyd edək ki, 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başlayıb. Ermənilər Ağdaban kəndinə hücum edib və onu ikinci dəfə viran ediblər. Bu gün işğal altında olan şəhər, kənd və qəsəbələrimizin Azərbaycan ordusu tərəfindən azad olundu. Sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə sona çatdı. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan məğlub edildi. Bu gün Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edib və dağıdılan mədəniyyət abidələrimiz, viran qoyulan ərazilərimiz tezliklə bərpa olunacaqdır. Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş komandanın siyasi iradəsi, dövlətimizin gücü. rəşadətli ordumuzun dönməzdiyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı. İşğaldan azad olan torpaqlarımızda yeni bir həyat başlayıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...