ADP sədri AXCP-nin parçalanmasından DANIŞDI

Sərdar Cəlaloğlu: “Onların konkret idealogiyaları yox idi, bu gün də belədir”

"AXC yarananda ora üç qrup insan daxil olmuşdu. Birinci qrupun məqsədi müstəqil Azərbaycan dövlətini qurmaq idi. İkinci qrup bu hərəkatdan bəhrələnmək istəyənlər idi. Üçüncü qrupa isə Kommunist Partiyasinin xətti ilə, yəni gizli şəkildə ora daxil olanlar aid idi. Məqsədləri isə hərəkatı istədikləri tərəfə istiqamətləndirmək idi". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, AXC-nin Naxçıvan şöbəsinin yaradıcılarından olan Sərdar Cəlaloğlu son günlər AXCP-nin parçalanması ilə bağlı mövzuların yenidən gündəmə gəlməsinə münasibət bildirərkən deyib.

Sərdar Cəlaloğlu sonradan cəbhəyə qazanc məqsədi ilə yanaşanların olduğunu da bildirib: "Bu gün onların bir çoxu məhz AXC-nin, sonradan isə AXCP-nin hesabına varlanıblar. Məsələn, biz öz cibimizdən pul qoyub ermənilər ilə döyüşmək üçün silah alırdıq, bəzi adamlar isə həmin silahı satıb, pulları mənimsəyirdi. Yəni silah biznesi yaradırdılar.

O zamankı hakimiyyət tərəfindən hərəkata yeridilənlər SSRİ dağıldıqdan sonra başsız qaldılar və onlar məcburi şəkildə AXC-də qalmağa başladılar. Onların konkret idealogiyaları yox idi, bu gün də belədir. Bu gün həmin bu üç qrup arasında ciddi münaqişələr yaşanır. Necə ki, vaxtilə Leyla Yunusla Etibar Məmmədov arasında, İsa Qəmbərlə Əli Kərimli arasında, Nemət Pənahlı ilə digəri arasında ciddi qarşıdurmalar yaşanırdı. Sonradan həmin qarşıdurmalar Elçibəy iqtidarı daxilində də yaşanmağa başladı və nəticədə AXC-dən AXCP-yə çevrilmiş təşkilat parçalanmadan, qüvvələrin zəifləməsindən yaxa qurtara bilmədi. AXCP-də mənşəcə o qədər ayrı-ayrı insanlar var idi ki…"

"Məhz Gəncə qiyamı da həmin proseslərin məntiqi nəticəsi kimi baş verdi", -deyə qeyd edən ADP sədri bildirib ki, əgər vaxtında AXCP daxilində monolitlik olsaydı, intriqalar, qarşıdurmalar, xaricdən idarə olunan insanlar, maddi marağını güdən insanlar olmasaydı AXCP parçalanmaqdan yan keçə bilərdi: "Ancaq göründüyü kimi, parçalanmanın qarşısını almaq artıq qeyri-mümkünlüyə çevrilib".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...