“Bu, insan hüquq və azadlıqlarının, ədalətin pozulmasıdır” - ŞƏRH OLUNDU
“Hazırki ABŞ prezidenti Cozef Baydenin oğlu bir neçə əməllər üzrə cinayət törətməkdə mətbuatın gündəmində idi. O, vergi qaçaqçılığına görə təqsirləndirilirdi, eyni zamanda narkotik aludəçisi idi. Buna görə də barəsində iddiham çıxdı və məhkəmənin qərarı oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
O bildirib ki, Bayden seçki öncəsi kampaniyada da dəfələrlə heç zaman ədələtin təmin olunmasına qarışmayacağını, sui-istifadə etməyəcəyini bildirir: “Lakin şahid olduq ki, Bayden öz səlahiyyətlərindən istifadə edərək cinayət törədən şəxsi məhz öz oğlu olduğu üçün əfv etdi. Konstitusiyaya əsasən dövlət başçısının müstəsna səlahiyyətləri içərisində əfvetmə də yer alır. Lakin əfv edərkən dövlət başçısı müəyyən kriteriyaları nəzərə alaraq əfv etməlidir. İstənilən cinayətkarı heç bir səbəb olmadan əfv etmək ədalətin pozulmasına gətirib çıxarır. Adətən cəza ona görə verilir ki, ədalət təmin olunsun. Əgər bu barədə müsbət irəliləyiş yoxdursa, əfvetmə sadəcə ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq deməkdir. Məhz bu baxımdan ABŞ bütün dünyaya insan haqları, hüquq və azadlıqlar, demokratiya dərsi keçir. Ancaq biz xarici siyasətdə də Amerikanın ikilistandartlar tətbiq etdiyini bilirdik. Lakin daxili məsələdə də bunun olması hər şeyin daha aydın üzə çıxması deməkdir. Çünki bütün dövlətlərin işinə qarışan ölkədə dövlət başçısı ədalətin həyata keçirilməsinə bilavasitə mane olur. Bu insan hüquq və azadlıqlarının, ədalətin pozulmasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə