"Dostumuz Azərbaycana dəstək olaraq fəaliyyətimizi davam etdiririk” - İrakli Kobaxidze
“Gürcüstan hökuməti iqlim böhranının aradan qaldırılması məsuliyyətini ciddi qəbul edir və bu sahədə əhəmiyyətli işlər görmək üçün artıq mühüm addımlar atmışıq”. SİA xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29 liderlərinin sammitində çıxışı zamanı bildirib.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan iqlim dəyişikliyi ilə bağlı xərclərin iqtisadi inkişafa təsirini ölçməyə imkanı verən illik qiymətləndirmələr vasitəsilə iqlimlə bağlı tədbirləri milli büdcəyə aktiv şəkildə inteqrasiya etməyə davam edir.
“Yumşaldılma və uyğunlaşma xərclərinin müəyyənləşdirilməsi tərəfdaşlarla əməkdaşlığı asanlaşdırır, dayanıqlığın yaradılması və Milli Fəaliyyət Planının məqsədlərinə nail olmaq üçün maliyyələşmənin əlaqələndirilməsi üçün əsas verir. İnkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi, transformasiya proqramları və iqtisadi artım təşəbbüsləri ilə məşğul olmaq üçün siyasətin effektiv inkişafı əsasən qlobal maliyyə axınlarının Paris Sazişinin məqsədlərinə uğurla uyğunlaşdırılmasından asılıdır”, – deyə Kobaxidze vurğulayıb.
O deyib: “Əhəmiyyətli maliyyə dəstəyi, texniki yardım və texnoloji biliklərin ötürülməsi inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyinin təsirini azaltmaq üzrə iddialı məqsədlərini səmərəli şəkildə həyata keçirmək üçün vacibdir. Sonda vurğulamaq istərdim ki, regionumuzda keçirilən iqlim dəyişikliyi üzrə konfransda iştirak etmək Gürcüstan üçün şərəfdir. İqlim dəyişikliyi ilə mübarizədə kollektiv məqsədlərimizi mənalı nəticələrə çevirmək üçün yol göstərək. Biz bu konfransın uğurlu nəticələrlə başa çatması üçün qonşumuz və dostumuz Azərbaycana dəstək olaraq fəaliyyətimizi davam etdiririk. Biz birlikdə Cənubi Qafqaz regionunu imkanlar və uğurlar regionuna çevirəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə