Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə bu adda tədbir keçirilib
İyulun 12-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümünə həsr olunan “Müstəqilliyə gedən yolun başlandığı gün” mövzusunda dəyirmi masa keçirilib.
YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 14 iyul 1969-cu ilin Azərbaycan tarixində xüsusi yeri vardır. 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi xarakterizə olunur. Ümummilli Lider Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də ideyaları ölkəmizi yeni-yeni hədəflərə doğru inamla aparan yolu işıqlandıran mayakdır. Ulu Öndər keçmiş İttifaqın əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmişdi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Doğrudan da azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyətində yüksək mövqe tutması qürurverici idi. Eyni zamanda, Ulu Öndərin öz nüfuzundan və yüksək vəzifənin imkanlarından istifadə edərək bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail oldu. Tariximizin gedişinin və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrindəndir. Ulu Öndərin atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdi. Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdi.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın dövlət müstəqilliyinin daimiliyinin, sarsılmazlığının təmin edilməsində Ümummilli Liderin xilaskarlıq missiyasından da geniş bəhs edib. Bildirib ki, müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycan üçün olduqca ağır, çətin və faciəli bir dövr idi. Azərbaycan o dövrün iqtidarının siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin dövrdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni dövrün başlanğıcı oldu. Ümummilli Lider Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurdu və Azərbaycanın dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Vüqar Rəhimzadə bildirib ki, möhkəm təməl 2003-cü ildən bugünədək Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirir. Cənab İlham Əliyevin 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Böyük Yolun davamı kimi dəyərləndirildi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın işğaldan azad edilən bütün torpaqlarda dalğalanması, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı və sair kimi qürurverici hadisələr Heydər Əliyev siyasətinin təntənəsidir.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü xilaskarlıq missiyası ilə xarakterizə edilir. Belə ki, Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman Ümummilli Liderin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı dövrü yaşandı. Uzaqgörənliklə atılan addımlardan biri azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Ümummilli Lider dəyərli təhsil ənənəsinin əsasını qoydu. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirildi.
Pənah İmanov bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yenə də zəngin idarəçilik təcrübəsindən bəhrələnərək ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi. Doğma xalqını vahid bir məfkurə ətrafında səfərbər edərək sabaha inam hissini yaratdı. Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atdı, tarixi Zəfəri ilə yeni reallıqların əsasını qoydu.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətindən, bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmasından, müəllim vəzifəsinin dəyərləri və ideal müəllim modelindən, cəmiyyətin həyatında mühüm rolu olan elm və təhsil sahəsindəki islahatlardan, Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafı üçün imzaladığı Fərman və sərəncamlardan, təsdiqlədiyi Dövlət Proqramlarının uğurlu icrasından bəhs edib. Bildirib ki, Ümummilli Lider Azərbaycanı həm dirçəldir, yenidən qurur, həm də onun gələcəyi barədə düşünürdü. Onun fəaliyyəti əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyev şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi.
Vaqif Abbasov bu mühüm məqamı xüsusi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdı və gələcəyə aparan yolları müəyyən etdi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən başlanan dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Azərbaycançılığın ən parlaq səhifələri məhz Ümummilli Liderin hakimiyyətinin birinci dövründə yazılıb. Bu dövr milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
Akademik bildirib ki, 1969-1982-ci illərdə yaradılan möhkəm təməl Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı, həmçinin 2003-cü ildən bu günədək Prezident İlham Əliyevin hakimiyyəti dövründə görülən işlərin əsası oldu. Prezident İlham Əliyev uğurlu siyasəti ilə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanı Zəfərlərə qovuşdurdu.
Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü genişmiqyaslı işlərdən, yaradılan möhkəm təməldən bəhs edib. Bildirib ki, dahi şəxsiyyət hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun yüksək ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə 1971-ci ildə Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Hazırda orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir. Bu gün qürurla torpaqlarımızın tarixi sahibinə qovuşmasından, tarixi ədalətin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından bəhs edirik. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bütün bunlar Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə